Xəbər verdiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin yeni üzvlərini açıqlayıb. Bu təyinatlar arasında ən diqqət çəkəni, şübhəsiz ki, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşəkdir.
Mehmet Şimşək ilk açıqlamalarında yüksək inflyasiya ilə mübarizə və iqtisadiyyatda rasional siyasətə dönüş mesajını vermişdi.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Mehmet Şimşək jurnalist Uğur Dündardan da dəstək alıb.
Uğur Dündar Twitter hesabında etdiyi paylaşımda xəzinə və maliyyə naziri Mehmet Şimşəkə dəstək verib: "Biz hamımız Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək və onun komandasına kömək etməliyik. Siyasi baxışlarımızı bir kənara qoyub problemin həllinə fokuslanmalıyıq. Çünki bu ölkə hamımızındır. Böhran dərindir, vəziyyət belədir. Uğursuzluq ehtimalı haqqında düşünmək də istəmirəm".
Muxalifətçi jurnalist kimi tanınan U.Dündar Şimşəkə dəstəyini paylaşdıqdan sonra ona reaksiya verənlərə və təhqir edənlərə sərt sözlər deyib.
"Biz o qədər dərin qütbləşmə və ayrılıq yaşayırıq ki, qarşı tərəfdən kimsə ölkənin xeyrinə bir iş görsə belə, buna “qara” deməliyik. Kim “ağ” deyirsə, linç edilir. Halbuki hamımız eyni gəmidəyik. Bizim taleyimiz ortaqdır. Yaşamağın əsl problemi budur!..
"Mehmet Şimşək iqtisadiyyatda edilən böyük səhvləri düzəltməyə çalışır, vəziyyət çox ağırdır, ona dəstək olmalıyıq" dediyim üçün o dəqiqə AK Partiya üzvü elan olundum!”
Ayxan