SİYASƏT ÖZ XƏBƏR

Ermənilərin Arazdəyəndə obyekt tikməsi Azərbaycana hansı fəsadları törədə bilər? - Millət Vəkilindən AÇIQLAMA

Qarabağ bölgəsindən sonra ermənilərin ard-arda atəşkəsi pozduğu istiqamət Naxçıvan Muxtar Respublikası oldu. Bu təxribatın bilinməyən tərəfində isə Arazdəyən istiqamətində ermənilərin tikintisinə başladığı əslində isə siyasi məqsədlər daşıyan obyektin də olduğu güman edilir. 

Mövzu ilə bağlı Millət Vəkili Hikmət Babaoğlu 32gun.az-a açıqlama verib. 

Onun sözlərinə görə, tikilən obyektin həqiqətən metallurgiya məqsədli olmasına inanmağa Ermənistanın iqtisadi gücü imkan vermir: 

"Son günlərdə Naxçıvan istiqamətində erməni hərbi birləşmələrinin atəşkəsi pozmasının səbəbi ondan ibarətdir ki, hər şeydən öncə Naxçıvan Zəngəzur dəhlizinin ikinci qərb üzüdür. Çox təəssüf ki, kommunikasiyaların açılması ilə bağlı müşahidə olunan intensiv danışıqlar zamanı ermənilər Arazdəyəndə təyinatı, iqtisadi səmərələliyi bəlli olmayan  xüsusi bir obyekt inşa etməyə başlayıblar. Ona görə də Azərbaycan ekoloji kontekstdə və sərhəd qonşuluğu kontekstində bu məsələlərlə bağlı ola biləcək mümkün problemləri aktuallaşdıraraq beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi və etməkdə davam edir. Görünür, həm bu informasiyanı ört-basdır etmək, həm də gizli məqsədə xidmət edəcək obyektin tikintisi ilə bağlı olan məsələləri 2-ci plana keçirmək üçün erməni silahlı qüvvələri Naxçıvan ərazisini atəşə tuturlar. Bunu isə Azərbaycanın Arazdəyəndə ermənilərin tikdiyi obyekti atəşə tutması kimi beynəlxalq mediyaya göndərirlər. Əlbəttə, onlar məqsədlərinə çatmayacaqlar. 

Xüsusi metallurgiya zavodu adı altında tikilən belə bir obyekt çox təhlükəlidir. Nəticə etibarı ilə biz bundan əvvəlki təcrübədən bilirik ki, Qapan Mis Molibden fabrikində istehsal olunan maddələrin zərərli tullantıları sərhəd çayları vasitəsilə  Azərbaycan ərazisinə axıdılır. Şübhəsiz ki, bu da Arpa çayı və Araz vasitəsilə yenə Azərbaycan ərazisinə axıdılacaqdır. 

İqtisadi səmərələlilik baxımından isə Arazdəyən coğrafi mövqe etibarı ilə düzənlik ərazidir və Şərur Dərələyəz çökəkliyində yerləşir. Əgər təyinat həqiqətən metallurgiyadırsa,  burada  həmin zavodun işini təmin edəcək xammal yoxdur. Əgər varsa da, xammalın çox uzaqlardan dağlıq Dərələyəzdən gətirilməsi əlavə iqtisadi xərc yaradacaqdır. Buna görə də obyekt iqtisadi baxımdan da etalon hesab edilə bilməz. Məhz bu mülahizələrə əsaslanaraq deyə bilərik ki, bu sadəcə xüsusi təyinatlı bir obyekt olacaq. 

Nəticə etibarı ilə Arazdəyən Sədərəkdən dərhal sonra başlayan, Sədərəyə bitişik coğrafi ərazimizdir. 

Zəngəzur dəhlizi açıldıqdan sonra  Naxçıvana gedən qatarlar həmişə olduğu kimi ənənəvi Bakı-Nuraşen ( əvvəlki adı ilə) oradan isə İrəvana gedəcək. Görünür, ermənilər kommunikasiyanın üstündə xüsusi nəzarət mexanizmi yaratmağa çalışırlar adını isə istehsal müəssisəsi qoyublar. 

Aysel Şirinova

Oxşar Xəbərlər