Milli Qəhrəmanın oğlu Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənabları və birinci vitse-prezident Mehriban xanım Əliyeva daim Şəhid ailələrini diqqətdə saxlayırlar.
Şəhid ailələrinə tikilən evlər, onların maddi təminatının dövlət tərəfindən qarşılanması, işlə təmin olunması - bunların hamısı birbaşa dövlət başçısının diqqət və qayğısının ən aydın göstəricisidir. Dövlət tərəfindən hər tərəfli diqqət və qayğı ilə əhatə olunmuş Şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin ailəsidir. Bu yaxınlarda aldığım xoş xəbər məni də sevindirdi. Füzuli rayonunun Qobu Dilağarda kəndindən olan Şəhid Milli Qəhrəmanın oğlu Xaliq Fərzəliyev torpaqlarımız azad olunduqdan sonra Füzuliyə qayıtmağı və orada yaşamağı qərara alır. Bu məqsədlə vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edir. Mehriban xanım Əliyeva Xaliqin məktubuna dərhal cavab verir və Şəhid Milli Qəhrəmanın oğlu Azərbaycan Dəmir Yolları QSC-nin 9 N-li Mincivan yol sahəsində İnsan Resusları şöbəsində mütəxəssis olaraq işə qəbul edilir. Xaliq dünən mənimlə əlaqə saxladı və işindən razı olduğunu bildirdi. Mehriban xanım Əliyevaya xüsusi olaraq təşəkkür etdi. Həmçinin onunla yaxından maraqlandığı üçün Azərbaycan Dəmir Yolları QSC- nin sədri cənab Cavid Qurbanova da minnətdarlığını bildirdi. Xaliqin dediklərini olduğu kimi nəzərinizə çatdırıram:
"2019 cu ilin fevral ayının 12-də vitse-prezident Mehriban xanım Əliyeva mənim Socar-da İstismar şöbəsində mühəndis olaraq işlə təmin edilməyimə göstəriş verdi və mən işlə təmin olundum. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ordunun Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra qərara gəldim ki, doğma yurdum Qarabağa qayıdım. Bu məqsədlə vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdim. Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan Dəmir Yolları QSC-nin 9 N-li Mincivan yol sahəsində İnsan Resusları şöbəsində mütəxəssis kimi işə qəbul edildim. Müraciətimə dərhal cavab verən, ailəmizə hər zaman diqqət və qayğı göstərən Mehriban xanım Əliyevaya ailəmiz adından və öz adımdan xüsusi olaraq təşəkkürümü bildirirəm.
İşə qəbul olunduğum gündən hər an məni diqqətində saxlayan Azarbaycan Dəmir Yolları QSC-nin sədri cənab Cavid Qurbanova təşəkkür edirəm."
P.S. Pəhlivan Fərzəliyev 11 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. Orenburq Politexnik Universitetinin sonuncu kursunda oxuyan Pəhlivan Fərzəliyev eyni zamanda Qazaxıstan Respublikasinda polis baş leytenantı olaraq işləyirdi. Qarabağda müharibə başlayanda orada yaşayan Azərbaycanlıları evinə dəvət edir, Azərbaycanda vəziyyətin çətin olduğunu Vətənə getməyin vacib olduğunu bildirir. Qarabağı düşmən işğal etməsin deyə, 1990-cı ildə Azərbaycana qayıdır.
BTR-n ekipaj komandiri olan Pəhlivan Fərzəliyevin tağımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə tağım komandirinin son döyüşü olur. O, Füzuli rayonunun Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Məzarı Füzuli rayonu Qobu Dilağarda kəndindədir. İki oğlu, bir qızı yadigar qalıb.
P.P.S. Onu da qeyd edim ki, Vətən Müharibəsi başlandığı ilk gündən Xaliq Fərzəliyev iş yerindən icazə alaraq Bakıdan Horadizə yola düşür. Hərbi Komissarlığa nə qədər qədər təkid etsə də ona: "Sənin atan Şəhiddir. Ordumuzda igid oğullar var. Narahat olma, atanın qisasını alacaqlar" deyib, Xaliqi döyüşə getməyə qoymurlar. Xaliq Vətən Müharibəsi bitənə kimi Bakıya qayıtmır. Arxa cəbhədən ön cəbhəyə əlindən gələn dəstəyi əsirgəmir.
Səbinə Yusif, Azərbaycan Jurnalistlər Birliyinin üzvü