DÜNYA

Mariupol bombardmanındakı Marianna əslində kimdir? - Kremlin yalanı ifşa olundu

"Martın 9-da rus işğalçılarının bombaladığı Mariupoldakı doğum evindən təxliyə edilən Marianna Podqurskaya ana olub. O, qız övladı dünyaya gətirib”.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Kristina Berdinski öz "Facebook" səhifəsində yazıb. 

Ukraynanın Kp.ua saytı qeyd edir ki, Marianna məşhur büti-blogger və modeldir. Onun bloqunda əsasən gözəllik, dəriyə qulluq və makiyaj diqqət mərkəzindədir və 23.000 izləyicisi var. Özü haqqında çox az yazır.

Sosial şəbəkədəki səhifələrində Donbass və Ukraynadakı müharibəyə həsr olunmuş heç bir şey yoxdur, ən son qeydlərdən yalnız biri Mariupolda mülki şəxslərə sığınacaq üçün hazırlanmış yerlərin siyahısıdır.

Marianna fevralın 24-də "Allah saxlasın ki, buna ehtiyacınız olmasın, amma nəzərimizdə olması daha yaxşıdır!"

Və bundan əvvəl Marianna abunəçilərinin qız ya oğlan doğacağını təxmin etməyə dəvət edib. 

Marianna 2020-ci ildə Donetskdən Mariupola gəlib. Bundan əvvəl Makeyevkada yaşayıb və təhsil alıb. Marianna təxminən bir il əvvəl evlənib. Həyat yoldaşının adı Yuridir. 

Donetskdə Marianna Podqurskaya məşhur L`Fashion Models agentliyində model kimi çalışıb, moda nümayişlərində və reklam kampaniyalarında iştirak edib. Mariupolda o, bloq aparır, "arzu marafonları" təşkil edir, gözəllik sənayesinin tanınmış brendləri ilə birgə aksiyalarda iştirak edirdi.

Doğum evinin bombalanmasından sonra Mariannanın üzünü bütün dünya görüb. Üç nəfər bombardmanın qurbanı olub. Onların arasında bir qız uşağı da var.

Qeyd edək ki, Rusiya mediası onun hamilə şəkillərini paylaşmaqla hadisənin səhnələşdirildiyini iddia edirdi. Kremlin təbliğat maşını Mariannanın əslində model olduğunu, qrimlənərək tragik rola girdiyi və rəsmi Kiyevin bu "fake”lə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışdığı barədə məlumatlar tirajlayırdı.

Bəli, Marianna həqiqətən modeldir. Lakin o, Rusiyanın iddia etdiyi kimi qrimlənərək rola girməyib, qadın gerçəkdən hamilə olub və artıq təbii doğuşla övlad dünyaya gətirib. 

Xatırladaq ki, Mariannanın bloqundakı son fotoşəkil də gələcək körpəsi ilə bağlıdır. 

Oxşar Xəbərlər