Yaponların kürəkənlərini övladlığa götürmə səbəbi nədir?
Əksəriyyətimiz övladlığa götürməni uşağın ailəyə qəbul edilməsi kimi anlayırıq. Lakin Yaponiyada vəziyyət bir qədər fərqlidir. Bu ölkədə övladlığa götürmələrin təxminən 98 faizi böyüklər arasında həyata keçirilir və onların əksəriyyəti 25–30 yaş arası kişilərdir. Başqa sözlə, yaponlar nəsillərini davam etdirmək üçün uşaqları deyil, kürəkənlərini övladlığa götürürlər.
Bəs bu maraqlı sistem necə işləyir, haradan qaynaqlanır və niyə bu gün də davam edir?
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir:
Yōshi-engumi: Ailə adını və mirasını yaşatma ənənəsi
Yaponiyada “yōshi-engumi” adlanan yetkin yaşda şəxslərin övladlığa götürülməsi əsrlərdir mövcud olan bir ənənədir. Onun əsas məqsədi ailə adını və xüsusilə ailəyə məxsus biznesi davam etdirməkdir.
Yaponiyada bir çox şirkət hələ də ailə tərəfindən idarə olunur və bu müəssisələrin varisliyi çox vacib hesab edilir. Əgər ailədə kişi varis yoxdursa, ailə etibarlı və bacarıqlı bir işçini övladlığa götürür. Beləliklə, həmin şəxs ailənin soyadını daşıyır və biznesin idarəsini öz üzərinə götürür. Bu, şirkətin davamlılığını təmin edir və ailənin sosial mövqeyini qoruyur.
Yōshi-enguminin ən maraqlı formalarından biri “mukoyōshi” – yəni kürəkənin övladlığa götürülməsi ənənəsidir. Bu halda kişi qanuni olaraq evləndiyi qadının ailəsi tərəfindən övladlığa götürülür. Yalnız qız övladları olan ailələr bu üsula tez-tez müraciət edirlər. Məqsəd ailə soyadını və biznes idarəsini kürəkən vasitəsilə davam etdirməkdir.
“Mukoyoshi” nikahları adətən qarşılıqlı fayda üzərində qurulur: ailə biznes üçün səlahiyyətli varis qazanır, kürəkən isə həm sosial status, həm də karyera baxımından mühüm üstünlük əldə edir. Bəzən bu şəxslər yeni ailələrinin soyadını da rəsmi şəkildə qəbul edərək həmin sülalənin bir hissəsinə çevrilirlər.
Bu ənənə bir çox tanınmış şirkətlərdə də müşahidə olunur. Məsələn, “Suzuki” şirkətinin hazırkı sədri Osamu Suzuki ailənin dördüncü övladlığa götürülmüş kürəkənidir.
Yaponiyada doğum nisbətlərinin azalması və əhalinin yaşlanması səbəbindən ailə adını və biznesi davam etdirəcək şəxsin tapılması çətinləşib. Buna görə yetkinlərin övladlığa götürülməsi həm mədəni, həm də iqtisadi baxımdan praktik həll hesab olunur.
Bundan əlavə, bu sistem bəzi hallarda vergi üstünlükləri də yaradır – daha çox qanuni varisin olması miras vergisini azalda bilir. Bəzi ailələr hətta bir neçə kürəkəni övladlığa götürməyə qədər gediblər. Hökumət 1988-ci ildə bu prosesə müəyyən məhdudiyyətlər qoysa da, ənənə hələ də geniş yayılmış şəkildə davam edir.
Bununla belə, bu sistemin mənəvi tərəfi də var. Övladlığa götürülən kişi öz ailəsini və soyadını geridə qoymalı olur. Əgər ailə boşanma ilə üzləşərsə, təkcə nikah deyil, həm də övladlığa götürülmə münasibəti ayrıca hüquqi prosedurla ləğv edilir.