İnternet xidməti çökdü - Qlobal şəbəkədən açıqlama
Amerikanın "Cloudflare" şirkətində baş verən fasilə internet xidmətləri ilə bağlı qlobal problemlərə səbəb olub.
"32gun.az" xəbər verir ki, nəticədə, dünyanın bir çox veb-saytı sıradan çıxıb.
"Downdetector"a görə, ən çox şikayət Böyük Britaniyadan (8700), ABŞ-dan (4900), Yaponiyadan (4100), Almaniyadan (2700), İspaniyadan (1700), Fransadan (həmçinin təxminən 1700) və İtaliyadan (1400) gəlib. Azərbaycanda da internet xidmətlərində problem yaşanıb.
Şirkət öz veb saytında yazıb: "Cloudflare bir çox müştəriyə təsir edən problemdən xəbərdardır və biz onu həll etmək üçün çalışırıq. Əlavə məlumat əldə edildikdə bildiriləcək".
Qeyd edək ki, "Cloudflare" xidmətləri CDN, DDoS qorunması və resurslara və DNS serverlərinə təhlükəsiz giriş təmin edir.
"Cloudflare", veb saytlar və onlayn xidmətlər üçün təhlükəsizlik və performans optimallaşdırma xidmətləri göstərən Amerika şirkətidir. O, əks proksi kimi fəaliyyət göstərir, veb saytları DDoS hücumlarından qoruyur, CDN istifadə edərək yükləmə müddətini sürətləndirir və DNS idarəetməsi və təhlükəsiz bağlantılar (HTTPS) kimi digər xüsusiyyətləri təklif edir.
XXX
16:51
Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.
"32gun.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
"Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır, bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.
Nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - deyə məlumatda qeyd olunub.
XXX
15:51
Hazırda Azərbaycanda xəbər saytlarına girişdə problemlər yaşanır.
"32gun.az"ın məlumatına görə, artıq bir neçə dəqiqədir ki, bəzi saytlara daxil olmaq mümkün deyil.