Azərbaycanda şagirdlər arasında kütləvi zəhərlənmə - Bu səbəbdən (YENİLƏNİB)
Gəncədə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.
Məktəbdən 32gun.az-a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb.
Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
*** 13:34
Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
32gun.az xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.
TƏBİB-dən cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.
Şagirdlər məktəbdə dərs zamanı özlərinin hazırladığı salatdan zəhərləniblər.
Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.