Qəzada xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB (VİDEO)
Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
Bu barədə 32gun.az-a TƏBİB-dən məlumat verilib. Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.
Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.
*** 16:27
Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən 32gun.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
*** 15:23
Daxili İşlər Nazirliyi Ələt-Astara yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətindən 32gun.az-a bildirilib ki, bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.
Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
*** 15:00
Bakı - Ələt - Astara yolunda qəza olub.
32gun.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib. 2 nəfərin öldüyü, 5 yaralının olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.