Azərbaycanda 13 yaşlı qız ərə verilib? - AÇIQLAMA (YENİLƏNİB)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar daha bir açıqlama yayıb.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu 32gun.az-a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, Komissiyadan Dövlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları ailədə olublar və fakt araşdırılıb.
Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: "Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".
*** 12:22
Masallı rayonunda 13 yaşlı qız ərə verilib.
32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, hadisə rayonun Təzə Alvadı kəndində baş verib.
Ərə verildiyi deyilən azyaşlının fotosu da paylaşılıb.
Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Ölkə.Az-a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb. Onun sözlərinə görə, əgər fakt təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək.