“Azərsu” Vüqar Səfərlinin şirkəti ilə müqavilə bağladı
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərmətbuatyayım” ASC ilə satınalma müqaviləsi imzalayıb.
32gun.az xəbər verir ki, maliyyə dəyəri 20 924.21 AZN təşkil edən müqavilədə "Azərsu" ASC-nin struktur vahidlərinə qəzet və jurnalların mərkəzləşdirilmiş qaydada çatdırılması nəzərdə tutulur.
“Azərmətbuatyayım” ASC 7 avqust 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 345 304 AZN-dir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. O həm də ASC-nin İdarə Heyətinin sədridir.
“Azərmətbuatyayım” ASC-nin əvvəlki rəhbəri isə hazırda həbsdə olan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli olub. Ümumiyyətlə, ASC Vüqar Səfərlinin biznes subyekti kimi tanınıb. O, 2010-cu ildə ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib. Səfərli istefasını KİVDF-nin icraçı direktoru olmaqla izah edib.
Bununla belə ASC-yə nəzarət yenə də Vüqar Səfərlidə qalıb. KİVDF-nin keçmiş sədrinin Prezidentin sabiq köməkçisi Əli Həsənova yaxınlığı “Azərmətbuatyayım”ın əslində ona məxsus olması barədə şübhələrə səbəb olub. Yeri gəlmişkən, Süleyman Salmanov həm də Kaspi Mətbuat Yayımının qanuni təmsilçisidir. Bu şirkətin isə Əli Həsənovun biznes imperiyasına daxil olduğu sirr deyil. Əli Həsənov və Vüqar Səfərli hakimiyyət komandasında etimadı itirəndən sonra uzun illər qazandıqlarından məhrum ola bilərlər. Bu barədə mediada da kifayət qədər məlumatlar yayılıb. Lakin onlara yaxın şəxsin hələ də “Azərmətbuatyayım”ın başında olması ASC-yə adıçəkilən sabiqlərin hələ də ASC-yə nəzarət etmək imkanlarının olduğunu deməyə əsas verir.
Nilufər