SİYASƏT

Xankəndində "islahat"lara XTQ-miz cavab verəcək

Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan bununla bazar ertəsi, yanvarın 31-də xüsusi komissiyanın yaradılması ilə bağlı "sərəncam" da imzalayıb.

Komissiyanın sədri "hökumətlə bağlı işlər idarəsinin rəisi" Araik Lazaryandır.

Sözügedən "komissiya" "Konstitusiya  islahatları" ilə bağlı təkliflərini üç ay ərzində hazırlayıb A.Arutyunyana təhvil verməlidir.

Qarabağlı ermənilərin dediklərinə görə, "Konstitusiya islahatları"nın məqsədi "dövlətçiliyin möhkəmləndirilməsi və dünya birliyi tərəfindən rəsmən tanınmaqdır".

Reallıqda isə vəziyyət tam fərqlidir.

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən az sonra o, Xankəndindəki separatçı rejimin funksionerləri arasında "Qarabağ klanı"nın mənsublarını, yəni sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın tərəfdarlarını "təmizləməyə" çalışıb.

Araik Arutyunyanın başçılıq etdiyi separatçı rejim hazırda faktiki olaraq N.Paşinyanın nəzarətindədir. Paşinyan isə qarabağlı erməniləri Ermənistandakı "qarabağlılar klanı"nın kontrolundan tam çıxarmaq və asan idarə etmək üçün A.Arutyunyanın Xankəndindəki xuntasının səlahiyyətlərinin artırılmasına çalışır.

Bu istiqamətdə N.Paşinyanın qarşısında duran başlıca maneələr R.Köçəryanın tərəfdarlarıdır ki, onların da Xankəndidə ən aqressiv nümyəndəsi yerli "Təhlükəsizlik Şurası"na başçılıq edən Vitali Balasanyandır.

Xankəndində Köçəryanın əlaltılarını zərərsizləşdirmək və xüsusilə də son vaxtlar fəallaşan "Mənim hüququm" hərəkatının lideri, İnqilabi Partiyanın sədri Artur Osipyanı siyasi proseslərə fəal müdaxilədən kənarlaşdırmaq üçün Paşinyan "Konstitusiya islahatları" pərdəsi altında separatçı rejimi total nəzarətə götürmək niyyətindədir.

Səbəb aşkardır.

İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Araik Arutyunyan bundan sonra "prezident seçkiləri"nə qatılmayacağını, "məqbul vaxt olanda istefa verəcəyini" demişdi.

Ötən ilin iyununda isə Köçəryanın göstərişi ilə onun tərəfdarları Xankəndidə mitinqlər keçirərək A.Arutyunyanın istefasını tələb etmişdilər.

A.Arutyanyan da "yalnız yeni hakimiyyətin formalaşmağa başladığını görəndə istefa verəcəyəm" söyləmişdi.

İndi Daşnaksutyun ilə yanaşı, R.Köçəryanın idarə etdiyi Ədalət və Demokratik partiyaları da A.Arutyanyanın istefasını tələb edirlər.

Onlar da "Konstitusiyaya dəyişikliklər" istəyirlər, amma təbii ki, öz maraqlarına uyğun olaraq.

R.Köçəryan tərəfdarlarının dediklərinə görə, 2017-ci ildə Xankəndində "Konstitusiya" o dönəm "prezident" olan Bako Saakyanın maraqlarının təminatı çərçivəsində qəbul edilmişdi.

Həmin "sənəd"ə görə, "prezident" istefa verərsə, "parlament" də buraxılır, daha sonra isə "prezident və parlament seçkiləri" eyni gündə keçirilir.

Xankəndindəki separatçı rejim 2025-ci ildə növbəti "prezident seçkiləri" keçirmək niyyətindədir.

2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, rusiyalı sülhməramlıların fəaliyyət müddəti 5 ildir. Yalnız tərəflərin razılığından sonra bu müddət uzadıla bilər.

Ermənistandakı hakimiyyət və Xankəndindəki xunta da məhz bu səbəbdən narahatdır. Onlar əmindirlər ki, qarabağlı ermənilər "prezident seçkiləri" keçirə bilməyəcəklər.

Sadalanan məqamlardan dolayı qarabağlı ermənilərin "Konstitusiya" islahatları əslində hakimiyyət uğrunda savaşın pərdələnməsidir.

Rusiyanın sülhməramlı kontingentinin boynuna düşən vəzifə isə gec də olsa, səlahiyyətlərin birbaşa icrasına başlanmasıdır.

Qarabağ Azərbaycan ərazisidir və orada qalmış bir ovuc erməni heç bir halda nə "prezident", nə də "parlament" seçkiləri keçirə bilməzlər.

Belə cəhdlər olarsa rəsmi Bakı hadisələrə dərhal müdaxilə etməlidir və edəcək də.

Rusiyalı sülhməramlılar bundan sonra da qarabağlı erməniləri hər formada dəstəkləməyə davam edərək məsuliyyətsizliyə son qoymasalar, Xankəndidə Azərbaycanın xüsusi təyinatlılarının və "kommandos"larının peyda olacağı günə çox qalmayıb.
Milli.Az

Oxşar Xəbərlər