Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür (FOTOLAR)
“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim”.
Bu gün Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür.
32gun.az xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.
2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.
M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Atası Ağakərim İbrahimovun dediklərindən:
“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...”.
Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və onun cəsədini 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.
Bir gün sonra, noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.
2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və “İgidliyə görə” medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.
Mübarizin son məktubu:
“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.