Beynəlxalq tədqiqat qrupu plasebo effekti haqqında məlumatlandırılmış iştirakçılar üzərində apardıqları araşdırmada, bu yanaşmanın stres, narahatlıq və depressiyanı effektiv şəkildə azaltdığını müəyyən edib. Bu üsul, xüsusilə COVID-19 pandemiyası kimi böhran vəziyyətlərində, psixi sağlamlığın dəstəklənməsi üçün əlçatan vasitə kimi qiymətləndirilir.
32gun.az bildirir ki, Tədqiqat Applied Psychology: Health and Well-Being jurnalında dərc olunub.
İki həftəlik eksperiment zamanı 18-30 yaş arası iştirakçılar iki qrupa bölünüb. Birinci qrup plasebo həbləri qəbul edərək Zoom vasitəsilə onlayn seanslarda iştirak edib, ikinci qrup isə heç bir müalicə almayıb. Stres, narahatlıq və depressiya səviyyələri araşdırmanın əvvəlində, bir həftə sonra və sonunda ölçülüb. Plasebo qrupu gündə iki dəfə həblər qəbul edib və iştirakçılara plasebo effektinin mexanizmi izah olunub.
Nəticələr göstərib ki, plasebo qrupu emosional gərginliyi və stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb. Effektivlik, kognitiv-davranış terapiyası kimi intensiv metodlarla müqayisə edilə biləcək səviyyədə olub.
“İştirakçılar həblərin təsirsiz olduğunu bildikləri halda belə, əhəmiyyətli irəliləyişlər yaşadılar. Bu, emosional sağlamlıqda inancların və gözləntilərin əhəmiyyətini vurğulayır,” – deyə araşdırma rəhbəri, Mayami Universitetinin psixologiya professoru Darvin Gevarra bildirib.
Tədqiqatçılar bu metodun geniş auditoriya üçün əlçatan, sadə və effektiv olduğunu qeyd edirlər. Onlar gələcəkdə daha müxtəlif qruplar üzərində araşdırmalar aparmağı və plasebo effektinin mexanizmlərini daha dərindən öyrənməyi planlaşdırırlar.
“Bizim məqsədimiz açıq plasebo yanaşmasını emosional streslə mübarizədə əlçatan vasitəyə çevirməkdir,” – deyə Gevarra əlavə edib.
Nilay