ABT-263 dərmanı yaşlanmış hüceyrələri təmizləyərək dəri bərpasını sürətləndirir
Boston Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, ABT-263 dərmanı dərinin bərpa prosesini sürətləndirə bilər. Bu, onun toxumalarda toplanan və sağalma prosesini ləngidən yaşlanmış hüceyrələri aradan qaldırması sayəsində baş verir.
32gun.az bildirir ki, tədqiqatın nəticələri Aging jurnalında dərc edilib.
Yaş artdıqca orqanizmdə funksiyasını itirmiş yaşlanmış hüceyrələr toplanır. Onlar toxumalarda qalaraq regenerasiya prosesini pozur, bu da xüsusilə dərinin travmalardan sonra bərpasını çətinləşdirir.
Alimlər tədqiqat çərçivəsində limfa toxuması xəstəliklərində hüceyrə ölümü (apoptoz) prosesini işə salan və BCL-2 zülal ailəsinin inhibitoru kimi fəaliyyət göstərən ABT-263 dərmanının yaşlı siçanların dərisinin sağalma prosesinə təsirini araşdırıblar.
Nəticələr göstərib ki, ABT-263-ün yerli tətbiqi yaşlanmış hüceyrələri effektiv şəkildə aradan qaldırır və yaraların sağalmasını xeyli sürətləndirir. Xüsusilə, müalicənin 24-cü günündə ABT-263 qəbul edən siçanların 80%-də dəri tam bərpa olunub. Nəzarət qrupunda isə bu göstərici 56% təşkil edib.
Alimlərin sözlərinə görə, dərman müvəqqəti iltihab reaksiyasına səbəb olub və bu da dərinin bərpa proseslərini aktivləşdirib. Eyni zamanda, ABT-263 kollagen istehsalı və yeni qan damarlarının inkişafında iştirak edən genlərin aktivliyini artırıb.
Buna baxmayaraq, metodun insan üçün təhlükəsizliyi və effektivliyinin təsdiqlənməsi üçün əlavə tədqiqatlar aparılmalıdır. Əgər nəticələr uğurlu olarsa, ABT-263 yaşlı insanlarda gec sağalan yaraların müalicəsində istifadə oluna bilər.
Nilay