DİGƏR ÖZ XƏBƏR

Xəbərdarlıq! Ağız qoxusu ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər

Sadə bir problem kimi görünən ağız qoxusu diş əti xəstəliklərinin və bəzi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, akademik Gülsün Aydoğmuş ağız qoxusunun diş əti iltihabı, infeksiyalar və nadir hallarda ağız xərçəngi ilə əlaqəli ola biləcəyini söyləyib.

Aydoğmuş diş əti xəstəliyinin ən çox görülən əlamətləri arasında diş ətində qızartı, şişlik, qanama və həssaslığın olduğunu və bu əlamətlərin daha çox diş əti iltihabından qaynaqlandığını qeyd edib.

Ağızda sağalmayan yaralar, bərkimiş toxuma əmələ gəlməsi, çeynəmə zamanı ağrı və nəzarətsiz qanaxmaların daha ciddi bir xəstəliyin əlaməti ola biləcəyinə diqqət çəkən Aydoğmuş, "Xüsusən də ağızda 2 həftədən uzun sürən yaralar laqeyd edilməməli və diş həkiminə müraciət edilməlidir" deyib.

G.Aydoğmuş ağız xərçənginin ilkin mərhələdə heç bir əlamət göstərmədən irəliləyə bildiyini vurğulayaraq, bəzi risk faktorlarına diqqət çəkib. Sözügedən risk faktorlarını sıralayan Aydoğmuş, "Siqaret və tütün məmulatlarının istifadəsi, həddindən artıq spirt istehlakı, HPV (Human Papilloma Virus) kimi infeksiyalar, uzun müddət günəş işığına məruz qalma (xüsusilə dodaq xərçəngi üçün) və pis qidalanma kimi immunitet sistemini zəiflədən faktorlar xərçəngin inkişafında əhəmiyyətli rol oynaya bilər" deyə qiymətləndirib.

Ağız xərçənginin adətən dil, diş əti, yanaq içi və damaqda görüldüyünə diqqət çəkən Aydoğmuş, bunları qeyd edib:

"Ağızda uzun müddət davam edən yaralar, ağ və ya qırmızı ləkələr, hissiyyatın itməsi, udma çətinliyi, çənənin hərəkətinin məhdudlaşdırılması kimi əlamətlər ağız boşluğunun xərçəngindən xəbər verə bilər. Bu cür əlamətlər aşkar edildikdə gecikmədən mütəxəssisə müraciət edilməlidir". Ağız xəstəliklərindən qorunmağın vacibliyini vurğulayan Aydoğmuş, "Dişlərinizi gündə ən az iki dəfə fırçalayın və diş ipindən istifadə edin, siqaret və tütün məmulatlarından uzaq durun, spirt istehlakını məhdudlaşdırın, sağlam və balanslı qidalanın, müntəzəm diş həkimi müayinələrini laqeyd yanaşmayın" deyə ifadə edib. Diş əti xəstəlikləri və ağız xərçənginin erkən diaqnozu ilə müalicə prosesinin çox daha müvəffəqiyyətli ola biləcəyini ifadə edən Aydoğmuş, "Ağız sağlamlığına diqqət yetirmək həm diş, həm də diş əti xəstəliklərinin qarşısını alır və erkən diaqnozla həyat qurtara bilər. Ağızda şübhəli dəyişikliklər göz ardı edilməməli və mütəxəssis rəyi alınmalıdır" deyə xəbərdarlığını ediib. Ağız və diş sağlamlığının birbaşa olaraq ümumi bədən sağlamlığı ilə əlaqəli olduğunu xatırladan Aydoğmuş, müntəzəm müayinələrin və sağlam həyat vərdişlərinin ağız xəstəliklərinin qarşısının alınmasında ən təsirli üsul olduğunu vurğulayıb.

 

Oxşar Xəbərlər