SOSIAL ÖZ XƏBƏR

"Seranit Group"da Süni İntellekt və İnsan Faktoru – Azərbaycan Bazarına Fokuslanma /FOTO + VİDEO

"Seranit Azərbaycan"ın təşkilatçılığı ilə maraqlı bir mediatur gerçəkləşməsi barədə məlumat vermişdik.

Bu dəfə isə reportajın növbəti hissəsində oxucularımıza "Seranit Group"un Bilecikdəki fabrikindən geniş məlumat təqdim edirik. Ötən yazımızda Türkiyə səfərimizin həm ziyarət, həm də iş xarakteri daşıdığını qeyd etmişdik.

İstanbuldakı ilk gün işdən danışılmadı, sadəcə istirahət və gəzməyə vaxt ayrıldı. Növbəti gün isə şirkətin əməkdaşları – Aleyna ilə yanaşı, Ebrar xanım da bizimlə idi. Təbii ki, İstanbuldan Üsküdara yolumuz təxminən 3 saat çəkdi. Yol boyu Ebrar xanım digər iş yoldaşlarından fərqlənməyərək suallarımızı canfəşanlıqla cavablandırırdı.

Nəhayət, "Seranit Group"un fabrikinə çatdıq. Bizi Bilecikdəki zavodun direktoru Ercan Çelik və digər məsul şəxslər qarşıladı. Onlar media nümayəndələrinin suallarını cavablandırdılar.

Ercan Çelik bildirdi ki, Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş. 1992-ci ildə fəaliyyətə başlayıb və 1993-cü ildən istehsala keçib. Şirkətin ilk istehsal müəssisəsi Osmanlı imperiyasının əsası qoyulmuş Bilecikdə, Birinci Sənaye Zonasındadır.

E. Çelik vurğuladı ki, ilkin mərhələdə müəssisənin illik istehsal gücü 1 milyon m² olsa da, əlavə investisiyalar və müasir texnologiyaların tətbiqi ilə bu göstərici 7 milyon m²-ə çatdırılıb:

"İstehsal əvvəlcə 33x33 ölçülü keramika kafel-metlaxlarla başlayıb, daha sonra 60x60, 60x120, 90x90 və 90x135 ölçüləri də əlavə olunub.

2010-cu ildə Eskişehir şəhərinin İnönü bölgəsində ikinci istehsal müəssisəsi açılıb. Orada divar və yer örtükləri istehsal edilir və illik istehsal gücü 7 milyon m²-dir. Beləliklə, şirkətin ümumi illik istehsal gücü 14 milyon m²-ə çatıb. Xammalın bir hissəsi Türkiyədən alınsa da, əsas hissəsi Ukrayna, İspaniya və İtaliyadan gətirilir. Ukrayna gili keramika istehsalında ən yüksək keyfiyyətə malikdir və birinci yerdədir. Keyfiyyətli və ağ məhsul istehsal etmək istəyənlər üçün Ukrayna gilindən istifadə vacibdir. Biz də məhsullarımızın keyfiyyətinə böyük önəm verdiyimiz üçün bu xammalı istifadə edirik. Ukrayna müharibəsi başlayanda təchizatda müəyyən çətinliklər yaşadıq, amma bu problemləri qısa müddətdə həll etdik.

Digər xammal və avadanlıqlarımızı da ən keyfiyyətli təchizatçılardan alırıq. Məsələn, sıxma avadanlığımız Türkiyədə başqa heç bir müəssisədə yoxdur. Bu avadanlığı İtaliyadan almışıq və o vaxt hətta İtaliyada da yalnız azsaylı müəssisələr istifadə edirdi. Bu səbəbdən Türkiyədə ən keyfiyyətli məhsulu istehsal edə bilmişik. Keyfiyyət səviyyəsini qorumaq üçün nəzarət prosesində ən müasir metodlar və ən yüksək dəqiqlikli avadanlıqlardan istifadə edirik."

Süni intellektin müəssisələrdə istifadəsi əməliyyatların daha səmərəli və təhlükəsiz aparılmasına şərait yaradır. Məsələn, ağır materialların daşınması və toz çıxaran avadanlıqlarla iş artıq robotlara tapşırılıb. Ercan Çelik vurğulayır ki, süni intellekt nə qədər inkişaf etsə də, insanı tam əvəz edə bilməz: “Dizaynerlərimiz müəyyən dizayn trendlərini süni intellektə təqdim edir və onlardan ümumi dizayn hazırlamağı xahiş edirlər. Süni intellektin təqdim etdiyi 10-15 nümunə arasından ən uyğun olanlar seçilir və onların əsasında dizaynerlərimiz son versiyanı işləyib hazırlayır. Burada süni intellekt sadəcə dəstək funksiyasını yerinə yetirir, əsas iş isə insanın üzərindədir. Məncə, digər sahələrdə də vəziyyət belədir; süni intellekt müəyyən mərhələyə qədər imkanlara malikdir, ondan sonra insan faktoru vacib olur.”

“Seranit Azərbaycan”ın rəhbəri Ufuk Polat isə qeyd edib ki, dünyada hamam-tualet və mətbəx keramika məhsullarının istehsalında İspaniya və İtaliya liderdir.

Şirkət bu ölkələrin keyfiyyət standartlarına uyğun məhsullar hazırlayır və bu səbəbdən Avropada tələbat artmaqdadır:

“Avropaya ixracımız sürətlə artır. Hazırda ixracımızın 25%-i Avropa ölkələrinə yönəlib. Azərbaycanda da satışlarımız artmaqdadır. Keçən il Azərbaycanda 1,5 milyon m² məhsul satmışıq. Bu, Avropa İttifaqının ən sərt keyfiyyət tələblərinə cavab verən məhsullar hazırlamağımızın nəticəsidir. Hazırda 40-dan çox ölkədə 200-ə yaxın satış nöqtəmiz var. Azərbaycanda böyük satış və logistika mərkəzimiz mövcuddur, burada həm topdan, həm də pərakəndə satış aparılır. Məqsədimiz Azərbaycandakı fəaliyyətimizi genişləndirərək Rusiyaya və Özbəkistana ixracı artırmaqdır.”

U. Polat bildirib ki, keyfiyyətə nəzarət prosesi əsasən müasir avadanlıqlar vasitəsilə avtomatlaşdırılıb: “İnsan gözü ilə görünməyən ən kiçik detalları belə tutan avadanlıqlarla işləyirik. Keyfiyyətə nəzarət yalnız hazır məhsuldan deyil, xammaldan başlayaraq bütün istehsal prosesində həyata keçirilir. Bu səbəbdən yüksək keyfiyyətli məhsullar istehsal edə bilirik. Bizim üçün ən önəmli amil məhsulumuzun keyfiyyətidir, çünki müştəriləri cəlb edən əsas üstünlüyümüz budur. Məhsullarımız onilliklərlə davam edir. Nəticədə, bir dəfə müştəri olmuş kəslər təkrar bizə müraciət edir və məhsullarımızla bağlı heç bir şikayət almırıq. Məsələn, Qətərdə futbol stadionlarının tualet və hamam sahələri bizim məhsullarla təchiz olunub. Onlar bizdən 10 illik zəmanət tələb edirdilər və bunu yalnız biz təmin edə bildik. Qum fırtınalarının adi olduğu, hər gün on minlərlə insanın istifadə etdiyi belə yerlərə məhsul vermək və 10 illik zəmanət vermək böyük məsuliyyətdir. Biz məhsullarımızın keyfiyyətinə tam əmin olduğumuz üçün bunu edə bilirik.”

Əvvəllər xarici ekspertlərdən istifadə etsələr də, indi komandaları tamamilə öz mütəxəssislərindən ibarətdir. Onların çoxu universitetləri şirkətin dəstəyi ilə bitirmiş və xaricdə, əsasən İtaliya və İspaniyada ixtisasartırma keçmiş şəxslərdir. Hazırda 15-dən çox dizaynerləri var. İstedadlı gəncləri aşkar etmək üçün 20-yə yaxın universitetlə əməkdaşlıq edirlər. Müəyyən kriteriyalar əsasında seçilən tələbələri təcrübəyə dəvət edir, ən yaxşılarını isə ixtisaslarını dərinləşdirmək üçün xarici ölkələrə göndərirlər. Dizaynerləri dünya keramika sahəsindəki yenilikləri yaxından izləyir, beynəlxalq sərgilərdə iştirak edir və zərurət yarandıqda yeni təcrübələri öyrənmək üçün kurslara qatılırlar. Beləliklə, ən müasir trendləri vaxtında mənimsəyir və tətbiq edirlər. İndi rahatlıqla deyə bilərik ki, həm də yeni trendlər yaradan aparıcı şirkətik.”

U. Polat bildirib ki, şirkətin əsas hədəfi Azərbaycanda, xüsusilə Bakıda mağaza şəbəkəsini genişləndirməkdir: “Gəncə bazarını da araşdırdıq, amma hazırda diqqətimizi Bakıya yönəltmişik. Yaxın zamanda paytaxtda yeni satış nöqtələri açmağı planlaşdırırıq.”

O, həmçinin Azərbaycanda memar və ustalarla əməkdaşlığın gücləndirildiyini qeyd edib: “Memarlarla əməkdaşlıq qurmuşuq, indi isə diqqətimizi ustalara yönəldirik. Çünki məhsul nə qədər keyfiyyətli olsa da, onu quraşdıran ustanın bacarığı bu keyfiyyətin görünməsində əsas rol oynayır. Buna görə yaxın vaxtlarda Türkiyədən dəvət etdiyimiz peşəkar memarların Azərbaycandakı universitetlərdə mühazirələr oxumasını və məhsullarımızı alan şirkətlərin ustaları üçün təlimlər təşkil etməyi planlaşdırırıq. Qeyd edim ki, Azərbaycandakı alıcıların zövqləri və tələbləri Avropadakından demək olar ki, fərqlənmir. Əvvəllər Şərq və Qərb zövqü anlayışı mövcud idi, amma indi bu fərq demək olar ki, aradan qalxıb. Dünyada eyni trendlər və tələblər var. Məsələn, əvvəllər parlaq məhsullar üstünlük təşkil edirdisə, indi mat səthlər daha çox tələb olunur. Azərbaycanda ən çox satılan 60x120 ölçülü məhsulların 60%-i matdır.”

Aygün İlqarqızı /32gun.az xəbər portalının baş redaktoru 

.

.

.

.

.

.

.

.

.

.

Oxşar Xəbərlər