“Pravasız” sürücü evin bağçasına uçdu – Yaralılar var
Kayserinin Talas mahalında “prava”sı olmayan sürücünün idarə etdiyi avtomobil qəza törədib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə maşın evin bağçasına girib, 3 nəfər yaralanıb.
Hadisə Harman məhəlləsi Komandolar küçəsində baş verib. C.B. idarəsində olan 38 BR 546 nömrəli avtomobil əvvəlcə yol kənarındakı divara çırpılıb, daha sonra isə sürətlə bir evin bağçasına düşüb.
Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib. Maşında sıxışıb qalan sürücü yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibbi yardım göstərilib və digər yaralılarla birlikdə xəstəxanaya çatdırılıb.
Araşdırma zamanı məlum olub ki, sürücünün sürücülük vəsiqəsi yoxdur. Avtomobil vinçlə çıxarılaraq evakuator vasitəsilə ərazidən götürülüb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Nilay