Müasir dövrdə texnologiyanın sürətli inkişafı uşaqlar arasında telefonlardan istifadənin artmasına səbəb olub. Bu isə həm faydalı, həm də mənfi nəticələr doğurur.

32gun.az bu barədə qısa araşdırma aparıb.
Zərərləri
Mütəxəssislərin fikrincə, telefon asılılığı uşaqlarda bir sıra problemlərə gətirib çıxarır. İlk növbədə öyrənməyə diqqətin azalması, yuxu rejiminin pozulması, fiziki aktivliyin zəifləməsi və sağlamlıqla bağlı risklər önə çıxır. Bundan başqa, sosial təcrid, ünsiyyət bacarıqlarının zəifləməsi və emosional gərginlik də telefon istifadəsinin mənfi tərəfləri kimi qeyd olunur.

Zəruri istifadəsi
Telefonların uşaqlar üçün tamamilə qadağan edilməsi isə doğru hesab olunmur. Çünki mobil qurğular təhsil resurslarına çıxışı asanlaşdırır, valideynlərlə əlaqəni təmin edir, dünyagörüşün genişlənməsinə imkan yaradır. Bundan əlavə, düzgün yönləndirildikdə uşaqlarda innovativ bacarıqların inkişafına da şərait yaradır.

Ekspert rəyi
Uşaq psixoloqu Reina Quliyeva mövzu ilə bağlı 32gun.az-a bildirib:
“Telefonun istifadəsi balanslı şəkildə tənzimlənməlidir. Uşaqların mobil cihazlarla vaxt keçirməsi gündə 1-2 saatı keçməməlidir. Valideynlər həm nəzarəti təmin etməli, həm də övladlarına texnologiyadan düzgün istifadə qaydalarını izah etməlidirlər. Telefonu tam qadağan etmək marağı daha da artırır. Ən doğru yanaşma nəzarətli və faydalı istifadənin təşviqidir.”
Mütəxəssislər hesab edirlər ki, əsas məsələ uşaqların texnologiyadan istifadəsini düzgün istiqamətləndirmək və balansı qorumaqdır.
Nilay