Sudurğa zamanı necə kömək etmək olar? - xəbərdarlıq
Sudurğa (epileptik tutma) qəfil başlayan, insanın huşunu və hərəkətinə nəzarəti itirdiyi vəziyyət kimi tanınır. Belə hallarda yaxınlarda olan insanların düzgün müdaxiləsi həm xəstənin, həm də ətrafdakıların təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır.
32gun.az bu barədə qısa arşadırma edib:

İlk addımlar
Sudurğa başlayan anda xəstənin yıxılma ehtimalını nəzərə alaraq, sərt və iti əşyaları kənarlaşdırmaq vacibdir. Başının zədələnməməsi üçün altına paltar və ya yumşaq əşya qoymaq tövsiyə olunur. Xüsusi vurğulanır ki, xəstənin ağzına heç nə salmaq olmaz və zorla dilini tutmaq təhlükəlidir.
Ən yaxınında olan hər kəs ilkin yardım göstərə bilər. Xəstənin yanında qalmaq, nəfəs yolunun açıq olmasını təmin etmək lazımdır. Əgər tutma 5 dəqiqədən çox davam edirsə və ya ardıcıl təkrarlanırsa, mütləq təcili tibbi yardım çağırılmalıdır.

Necə hərəkət etməli?
Xəstəni yan çevirmək və nəfəs yolunu açıq saxlamaq.
Onun qollarını və ayaqlarını zorla tutmamaq.
Tutma bitdikdən sonra ayılana qədər yanında qalmaq.

Təhlükələr nələrdir?
Ən ciddi risklərdən biri baş zədəsi, nəfəs yolunun bağlanması və boğulma ehtimalıdır. Əlavə olaraq, yanlış müdaxilə – məsələn, xəstənin ağzına sərt əşya qoymaq və ya güc tətbiq etmək – vəziyyəti daha da ağırlaşdıra bilər.

Ekpertin fikrincə...
Nevroloq həkim Rauf Məmmədov 32gun.az-a açıqlamasında sudurğa tutmaları zamanı düzgün davranışın həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, insanların çoxu belə hallarda panikaya düşdüyü üçün yanlış müdaxilə edir:
“Ən böyük səhv xəstənin ağzına qaşıq, açar və ya hər hansı sərt əşya salmaqdır. Bu, həm dişlərin sınmasına, həm də nəfəs yolunun bağlanmasına səbəb ola bilər. Həmçinin, sudurğa keçirən şəxsi zorla tutmaq, qollarını və ayaqlarını sıxmaq təhlükəlidir. Bu, həm xəstənin əzələ və sümük zədələrinə, həm də kömək edən şəxsin özünün xəsarət almasına gətirib çıxara bilər.”
Məmmədov qeyd edir ki, sudurğa tutmaları çox vaxt 1–3 dəqiqə ərzində öz-özünə dayanır:
“Əgər tutma 5 dəqiqədən artıq davam edirsə, təcili tibbi yardım çağırmaq vacibdir. Bundan başqa, tutma bitdikdən sonra xəstənin yan çevrilməsi və nəfəs yolunun açıq qalması əsas şərtdir. Hətta xəstə özünə gəlsə də, mütləq nevroloq müayinəsinə ehtiyac var.”
Ekspert əlavə edib ki, ailələrdə sudurğa xəstəsi olan insanların yaxınları ilkin yardım qaydaları barədə məlumatlı olmalı, bu mövzuda maarifləndirici təlimlərə də qatılmalıdırlar.
Nilay