Uşaqlarda fikir dağınıqlığı - Problemin kökü və həlli yolları
Məktəb yaşlı uşaqlar arasında ən çox rast gəlinən çətinliklərdən biri dərs zamanı diqqətin yayınması və fikir dağınıqlığıdır. Valideynlər övladlarının dərsə cəmlənə bilmədiyindən, oxuduqlarını tez unutduqlarından və kitab qarşısında uzun müddət dayana bilmədiklərindən şikayətlənirlər. Mütəxəssislər bildirirlər ki, bu hal bəzən normal inkişaf prosesinin bir hissəsi olsa da, uzun müddət davam etdikdə psixoloji və pedaqoji baxımdan diqqət tələb edir.
32gun.az bununla bağlı araşdırma edib:

Hansı yaş dövründə başlayır?
Araşdırmalara görə, diqqət dağınıqlığı xüsusilə 6–12 yaş arası uşaqlarda müşahidə olunur. Bu dövr məktəbə adaptasiya ilə üst-üstə düşür. Uşaqlar yeni mühitə alışarkən və artan bilik yükü ilə qarşılaşarkən diqqətlərini toplamaq çətinləşir. Yeniyetməlikdə isə emosional dəyişikliklər və texnologiyadan çox istifadə problemin daha da güclənməsinə səbəb ola bilir.
Fikir yayınmasının səbəbləri
Mütəxəssislər fikir dağınıqlığının əsas səbəbləri sırasında yuxu rejiminin pozulmasını, hərəkətsizliyi, təmiz havada az vaxt keçirməyi, elektron cihazlardan həddindən artıq istifadəni, stress və gərginliyi göstərirlər. Bəzi hallarda isə bu, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (ADHD) ilə əlaqəli ola bilər.

Çarə yolları - Kitab oxumaq kifayətdirmi?
Problemin aradan qaldırılması üçün uşağın gündəlik rejiminin tənzimlənməsi vacibdir. Yuxunun normallaşdırılması, fiziki fəaliyyətin artırılması, dərs prosesində fasilələrin verilməsi diqqətin daha yaxşı toplanmasına yardım edir. Maraqlı kitablar, əyləncəli öyrədici oyunlar və yaddaş məşqləri də diqqəti gücləndirən üsullar arasında sayılır.
Valideynlərin çoxu düşünür ki, uşağı hər gün kitab oxumağa məcbur etmək diqqət problemini həll edə bilər. Lakin psixoloqlar xəbərdarlıq edirlər ki, məcburi oxu vərdişi əks təsir göstərə bilər. Daha doğru yanaşma uşağın maraqlarına uyğun kitablarla təcrübə yaratmaq və qısa, amma davamlı oxu saatı təşkil etməkdir.
Mütəxəssisin sözlərinə görə...
Uşaq psixoloqu Aygün Qasımova 32gun.az-a açıqlamasında deyir ki, valideynlər çox vaxt diqqət dağınıqlığını sadəcə tənbəllik və ya dərsə maraqsızlıq kimi qiymətləndirirlər. Halbuki, bu yanaşma səhvdir:
“Fikir dağınıqlığı uşaqlarda müxtəlif səbəblərdən qaynaqlana bilər və hər uşağın vəziyyətinə fərdi yanaşmaq lazımdır. Əgər uşaq dərs zamanı tez yorulursa, tez-tez fikrini dəyişirsə və uzun müddət bir fəaliyyət üzərində qala bilmirsə, bu, sadəcə intizamsızlıq deyil. Burada həm psixoloji, həm də fizioloji faktorlar rol oynaya bilər. Məsələn, yuxusuzluq, balanssız qidalanma, həddindən artıq telefon və planşet istifadəsi beynin diqqət mərkəzlərini zəiflədir. Uşağın həyat tərzi və gündəlik rejimi diqqətin formalaşmasında çox mühüm amildir.”

Mütəxəssis əlavə edir ki, valideynlərin tez-tez buraxdığı ən böyük səhv uşaqları başqaları ilə müqayisə etməkdir:
“Uşağa ‘qardaşın səndən yaxşı oxuyur’, ‘sinif yoldaşın daha diqqətlidir’ demək çox yanlış yanaşmadır. Bu, uşağın psixikasına mənfi təsir göstərir və özünə inamı azaldır. Nəticədə, uşağın diqqətini toplaması daha da çətinləşir. Əksinə, uşağa müsbət motivasiya vermək, kiçik nailiyyətlərini belə dəyərləndirmək lazımdır. Çünki diqqət bacarığı tədricən inkişaf edən bir prosesdir və dəstək olmadan formalaşmır.”
Onun sözlərinə görə, diqqət dağınıqlığının həllində yalnız dərsə yönəlik tədbirlər deyil, ümumi həyat tərzi də vacibdir:
“Uşağın sağlam qidalanması, kifayət qədər su içməsi, açıq havada vaxt keçirməsi, idmanla məşğul olması diqqət mərkəzlərini gücləndirir. Bu səbəbdən, valideynlər övladlarını yalnız masa arxasında saxlamamalı, həm də hərəkət və istirahət imkanları yaratmalıdırlar. Əgər problem uzun müddət davam edirsə və uşağın gündəlik fəaliyyətinə təsir edirsə, o zaman psixoloq və ya nevroloq müayinəsi mütləqdir.”
Nəticələr bunu göstərir ki...
Uşaqlarda fikir dağınıqlığının qarşısı yalnız dərslərlə və kitab oxumaqla deyil, həm də sağlam həyat tərzi, düzgün rejim və psixoloji dəstək vasitəsilə alına bilər. Mütəxəssislərin fikrincə, bu yanaşma həm təhsil prosesində nəticəni artırır, həm də uşağın özünəinamını və psixoloji balansını qoruyur.
Nilay