SOSIAL ÖZ XƏBƏR

Uşaqlarda dost-rəfiqə anlayışı - Valideynin rolu və təsirləri

Uşaqların dostluq münasibətləri onların inkişaf mərhələlərinə uyğun olaraq dəyişir və formalaşır. 3–6 yaş aralığında uşaqlar dostluğu daha çox oyun və əyləncə vasitəsilə yaşayır. Bu yaşda dostluq uzunmüddətli olmur, uşaqlar sadəcə birgə fəaliyyət göstərməyə üstünlük verirlər. 7–10 yaşda isə uşaqlar artıq daha emosional əlaqələr qurmağa başlayır, sirr paylaşır və dostlarının fikirlərinə önəm verirlər. Bu mərhələ uşağın sosial bacarıqlarının və özünüifadə qabiliyyətinin inkişafı üçün çox önəmlidir. 11–14 yaşda uşaqlar dostlarını ailədən daha çox üstün tutmağa meyilli olurlar ki, bu, müstəqilliyə keçidin təbii bir hissəsidir. Bu dövrdə valideynlərin nəzarəti və dəstəyi vacibdir ki, uşaq yanlış təsir mühitinə düşməsin. 15–18 yaş dövründə isə gənclər dostluqda daha çox emosional bağlılıq, dəyərlərin paylaşılması və gələcək planların birgə qurulmasına üstünlük verirlər. Bu yaşlarda dostluq artıq uşağın şəxsiyyətinin və sosial mövqeyinin formalaşmasına ciddi təsir göstərir.

32gun.az bu barədə araşdırma edib: 

Çocukluktan Gençliğe Arkadaşlık İlişkileri | ide okulları

Dostluğun uşağın inkişafına faydaları

Dostluq uşaqların sosial və emosional inkişafında mühüm rol oynayır. Uşaqlar dost mühitində paylaşmağı, qarşılıqlı hörməti, anlaşmanı və münaqişəni həll etməyi öyrənirlər. Bu, onların həm məktəb, həm də gələcək cəmiyyət həyatına hazırlığına xidmət edir. Eyni zamanda dostluq uşağın özünəinamını artırır, çətin vəziyyətlərdə psixoloji dəstək rolunu oynayır və uşağa cəmiyyətə uyğunlaşmaq bacarığı qazandırır. Dost mühiti uşağın məsuliyyət hissini gücləndirir, çünki uşaqlar dostluqda qarşılıqlı qayğı və dəstəyi öyrənir, bu da onların şəxsiyyət və xarakter inkişafına təsir edir.

Çocukluktan Gençliğe Arkadaşlık İlişkileri | ide okulları

Dostluğun mümkün fəsadları

Bütün faydalarına baxmayaraq, dostluğun bəzi riskləri də mövcuddur. Valideyn nəzarəti zəiflədikdə uşaq pis təsir mühitinə düşə, zərərli vərdişlərə yoluxa və ailə ilə emosional bağlılıqda boşluqlar yaranmasına səbəb ola bilər. Həddən artıq dost təsiri bəzən uşağın tənqidi düşünmə qabiliyyətini zəiflədə, müstəqil qərar verməsini çətinləşdirə bilər. Bu səbəbdən valideynlərin rolu yalnız qadağa qoymaq deyil, balanslı müşahidə və dəstək vermək olmalıdır.

Valideynlərin rolu və tövsiyələr

Ekspertlər valideynlərin uşağın dost mühitinə maraq göstərməli, dostları ilə tanış olmalı və açıq ünsiyyət qurmalı olduğunu bildirirlər. Valideynlərin sərt qadağalardan çəkinməsi, uşağın sosial çevrəsinə maraq göstərərək onun inkişafını dəstəkləməsi tövsiyə olunur. Belə yanaşma uşağın həm ailədə, həm də dost çevrəsində güvən və təhlükəsizlik hissi tapmasına imkan verir.

Ekspertin bildirdiyinə görə...

Psixoloq Aytən Əliyeva 32gun.az-a bildirir ki, dostluq uşaqlar üçün həm sosial, həm də emosional inkişaf baxımından vacib bir məktəbdir. Onun sözlərinə görə, uşaqlar dostları vasitəsilə paylaşmağı, anlaşmağı, münaqişəni həll etməyi və qarşılıqlı dəstəyi öyrənirlər. Bu münasibətlər həmçinin uşaqlara özünüifadə və empati bacarıqlarını inkişaf etdirmək imkanı verir.

Aytən Əliyeva əlavə edir: “Valideynlərin rolu yalnız nəzarətçi olmaq deyil, eyni zamanda uşağın dost münasibətlərini müşahidə edən, lazım gəldikdə dəstək verən bir tərəfdaş olmaqdır. Uşaqlar dostları ilə vaxt keçirməyi ailədən üstün tutmağa meyilli olduqda, bu, ailə ilə emosional bağın zəiflədiyini göstərə bilər. Bu halda valideynlər sərt qadağalar qoymaq əvəzinə, daha çox dialoq qurmalı, uşağın hisslərini dinləməli və ona sevgi və dəstək göstərməlidirlər. Uşaq özünü anlaşılan və qəbul edilən hiss etdikdə, dostluq münasibətləri onun inkişafına müsbət təsir göstərir, həmçinin gələcəkdə sağlam və balanslı sosial münasibətlər qurmasına şərait yaradır.”

Çocukluktan Gençliğe Arkadaşlık İlişkileri | ide okulları

Belə anlaşılır ki..

Dostluq münasibətləri uşaqların şəxsiyyətinin formalaşmasında, sosial bacarıqlarının inkişafında və emosional stabilliyinin təmin olunmasında vacib rol oynayır. Valideynlərin əsas vəzifəsi isə bu münasibətlərin sağlam şəkildə inkişafını təmin etmək, uşağın həm ailədə, həm də dost çevrəsində özünü rahat və güvəndə hiss etməsini təmin etməkdir.

Nilay 

Oxşar Xəbərlər