Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Dövlətimizin başçısı Sammitin baş tutduğu Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gedib.
Əlbəttə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin X sosial şəbəkəsində bildirdiyi kimi "Prezidentin bu Sammitdə iştirakı Azərbaycanın artan regional rolunun göstəricisidir".
Amma Misirdə keçirilən beynəlxalq tədbirdə diqqətləri cəlb edən daha bir məqam yaşanıb.
Azərbaycanın yüksək vəzifəli şəxsləri – Prezidentin köməkçisi Hikmət Hacıyev, Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tədbirin kuluarlarında səmimi şəkildə söhbət edərkən görüntüləniblər.
Bu, rəsmi protokoldan kənar olsa da, diplomatik baxımdan çox vacib bir siqnaldır. Görüntüdə hər üç rəsminin işgüzar, amma nisbətən rahat bir mühitdə dayandığı və ciddi mövzuları müzakirə etdiyi hiss olunur. Bu cür "dəhliz diplomatiyası" adlanan görüşlər, adətən rəsmi danışıqlar masasında əldə edilməyən bəzi detalların, yaxud sülh prosesinə dair incə məqamların qeyri-rəsmi şəkildə müzakirəsinə imkan yaradır.
Təbii ki, Misir platforması iki ölkə rəsmilərini beynəlxalq gündəmlə əlaqədar bir tədbirdə bir araya gətirib. Belə təsadüfi görüşlər Bakı və İrəvan arasındakı gərginliyi azaltmaq və sülh müqaviləsinin imzalanması istiqamətindəki cəhdləri dəstəkləmək baxımından əhəmiyyətlidir.
Rəsmilərin bədən dilləri də konstruktiv dialoqa hazır olduqlarını göstərir. Bu, regionun gələcəyi üçün atılan kiçik, lakin çox mənalı bir addımdır.
Unutmayaq ki, beynəlxalq siyasətdə bəzən ən böyük irəliləyişlər məhz kameralardan uzaq, qeyri-rəsmi söhbətlər zamanı əldə edilir.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının baş redaktoru