Kamçatkada gücü 10 maqnitudayadək olan zəlzələlər baş verə bilər.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun mütəxəssisləri xəbərdarlıq ediblər.
Tədqiqatçılara görə, ən böyük təhlükə Petropavlovsk-Kamçatski, Elizovo və Vilyuçinsk şəhərlərinə aiddir. İnstitutun direktoru Aleksey Ozerov bildirib ki, belə güclü yeraltı təkanlar zamanı torpaq laylarının “mayeləşməsi” əlavə risk yaradır. Bu hal binaların və infrastruktur obyektlərinin dayanıqlığını itirməsinə səbəb ola bilər.
Alim qeyd edib ki, riskləri azaltmaq üçün iki-üç mərtəbədən yüksək olmayan azmərtəbəli tikintiyə keçid və yeni binaların seysmik dayanıqlığının müasir vibrasiya testləri ilə yoxlanılması vacibdir.
Ozerovun sözlərinə görə, Kamçatkanın bir çox şəhərləri çoxmərtəbəli binalarla, dar keçidlər və azsaylı açıq ərazilərlə sıx şəkildə tikilir. Bu isə mümkün zəlzələlər zamanı evakuasiyanı çətinləşdirir və fəsadların azalmasına kömək etmir.
Son sutkada Kamçatkada maqnituda 3,5–5,0 aralığında 10 afterşok qeydə alınıb. Krai Fövqəladə Hallar İdarəsinin məlumatına əsasən, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, coğrafiya alimi Arkadi Tişkov izah edib ki, bu seysmik hadisələr Kamçatka sahillərində baş verən böyük zəlzələdən sonra yaranan afterşoklarla, materik hissənin yerdəyişməsi və Kuril adaları ilə Saxalin sahillərində müşahidə olunan tsunamilərlə əlaqədardır.
Ayaz