Yeni MRT, mamoqrafiya və ikiplanlı angioqrafiya cihazları alınacaq - 9 milyonluq
“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” Publik Hüquqi Şəxsi yeni avadanlıqların satınalınmasına start verib.
32gun.az xəbər verir ki, mərkəz “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanacaq 8.944.400 AZN-lik müqavilə çərçivəsində üç yüksək texnologiyalı cihazın alınmasını planlaşdırır: Maqnit Rezonans Tomoqrafiyası (MRT), Mamoqrafiya və İkiplanlı (Biplane) Angioqrafiya sistemi.
Xüsusilə, İkiplanlı Angioqrafiya cihazı neyroloji və kardioloji prosedurlar, insult və digər mürəkkəb diaqnostik müayinələr üçün nəzərdə tutulub. Cihazın C-qolu avtomatik motorlu hərəkət imkanına malik olub, 3D görüntüləmə, damarlarda kalibrasiya və stenoz dərəcəsinin ölçülməsi, həmçinin real vaxtda stent mövqeyinin izlənməsinə imkan verir. Avadanlıq həmçinin həkim və xəstənin təhlükəsizliyini təmin edən radiasiya qoruma panelləri ilə təchiz olunacaq.
Maqnit Rezonans Tomoqrafiyası sistemi 1.5 Tesla gücündə olacaq və yüksək ayırdetmə qabiliyyəti, süni intellekt əsasında avtomatlaşdırılmış iş axını, neyro, ortopedik və bədənin müxtəlif sahələrinin geniş spektrli görüntüləməsini təmin edəcək. Sistem, həmçinin yüksək performanslı gradient və RF ötürücü sistemləri, xəstə masası və koillərlə təchiz olunacaq.
Satınalmanın məqsədi ölkədə tibbi xidmətlərin keyfiyyətini artırmaq, xəstə müayinələrini daha dəqiq və sürətli etməkdir. Cihazların quraşdırılması, istifadəyə verilməsi və tibbi heyətin təlimi müqaviləyə daxildir.
Ayaz