BDU narkotik ittihamı ilə mühakimə olunmuş sahibkara 1 milyonluq TENDER VERDİ
“Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi, tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materialların satın alınması məqsədilə keçirilən tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, qalib “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub. Təklifin qiyməti 1.032.208,07 AZN təşkil edir və bu məbləğ üzrə müqavilənin bağlanması gözlənilir.
Universitet qeyd edir ki, alınacaq avadanlıq və materiallar tədris prosesinin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilovun adı cinayət işində keçib. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir. Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.
Ayaz