SİYASƏT

"Cinsi azlıqlardan meymunçiçəyi və digər faciəli xəstəliklər yarana bilər" - Deputat

“Çox təəssüf edirəm ki, son illər Azərbaycanda cinsi azlıqların nümayəndələri fəallaşıblar. Müxtəlif bəyanatlar verirlər, mitinqlərə təşkil edirlər. Belə hallar bizim xalqın milli-mənəvi dəyərlərinə çox yaddır. Əvvəl verdiyim müsahiblərdə də bildirmişəm ki, belə insanlar tərbiyə olunmalıdılar. Onlarla fərdi söhbətlər aparılmalıdır, lazım gəldikdə, hətta kütlədən təcrid edilməlidir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, insan dünyaya övlad gətirmək, onu tərbiyə etmək üçün gəlir: "Əgər Allah insanları qadın və kişi olaraq yaradıbsa və onların münasibətindən dünyaya övlad gəlirsə, bu, bəşəri dəyərdir. Kişinin kişiylə qadının qadınla ailə qurmasının isə bir nəticəsi, bəhrəsi yoxdur. Bu dünyanı, bəşəriyyəti faciəyə aparan hərəkətdir. Adını demokratiya qoyublar, özləri bilərlər, axı bu, iyrənc haldır. İnsan hər şeydən müəyyən həzz, zövq ala bilər, amma bu zövq insan həyatı üçün gələcəkdə faciə doğurursa, lənət olsun ona. Belə hallara həddən artıq pis baxıram. Bu, Azərbaycan ailəsinin bünövrəsini laxlatmaq üçün xaricdən gələn meyillərdir. Gənclər gedirlər xaricdə təhsil almağa və oradakı bu iyrənclikləri görürlər. Bizi istəməyən qüvvələr çalışırlar Azərbaycan ailəsinin təməlini sarsıtsınlar, çünki ailə təməlinin sarsılması dövlət təməlinin sarsılması deməkdir. Ailə nə qədər möhkəm olsa və o ailədə nə qədər yaxşı vətəndaş tərbiyə olunub yetişdirilsə, bu, dövlət, xalq üçün də faydalı olar. Ailə dəyəri olmazsa belə iyrənc adamlar olacaq. Həmin adamlar isə öz həyatlarının məsuliyyətini dərk etmirlərsə, dövlətin mənafeyini necə müdafiə edə bilərlər. Belə halların qarşısı qətiyyətlə alınmalıdır. Əgər iyrənc hallar, meyillər varsa, bundan mütləq müxtəlif xəstəliklər törənəcək. Bunun özü elə bəşəri xəstəlikdir, ona görə də belə münasibətlərdən meymunçiçəyi və ümumiyyətlə, insanlar üçün faciəli digər xəstəliklər yarana bilər.”

Deputat son vaxtlar dünyada yayılmağa başlayan meymunçiçəyi xəstəliyinin yayılmasına da münasibət bildirib: “Meymunçiçəyi xəstəliyi əvvəllər də olub və bu elə də çox yayılmır. Dünyada baş verən hadisələr, ziddiyyətlər, müharibələr belə xəstəlikləri, pandemiyaları əmələ gətirir. Həmçinin elmi-texniki tərəqqinin nailiyyətləri də bir çox xəstəliyin yaranıb, yayılmasına səbəb olur. Ona görə də bununla bağlı qabaqlayıcı tədbirlər mütləq görülməlidir. Azərbaycanda koronavirus yayılmamşıdan əvvəl dövlət rəhbərliyi, müəyyən dövlət orqanları xəstəliyin yayılması haqqında məlumatlara sahib idilər. Ona görə də ölkədə bu xəstəlik yayılmamışdan bir neçə ay əvvəl modul tipli xəstəxanalar tikildi. Yəni artıq Çində koronavirusun cücərtiləri olanda Cənab prezident İlham Əliyevin timsalında dövlət rəhbərliyi bununla bağlı ağıllı qabaqlayıcı tədbirlər gördü. Təəssüf ki, həmin dönəmdə xəstəxanalar tikiləndə müxalif qüvvələr deyirdilər ki, guya bu dövlət büdcəsindən pulun silinməsi üçün görülən işlərdir. Elə məsələlər, dövlət sirləri var ki, onları ilk olaraq xalqa çatdırmaq mümkün deyil, çünki bu insanlar arasında təşviş yarada bilər. Ona görə də əgər meymunçiçəyi varsa, əlbəttə, bu, barədə fikirləşmək lazımdır, çünki hər bir xəstəlik qorxuludur. O, yayılanda daha ciddi fəsadlar verir, amma əgər qarşısı vaxtında alınsa səngiyir. Bizdə də o vaxtlar xəstəxanalar tikilməsəydi, COVİD-19 pandemiyası bilirsiz, nə qədər ziyan vura bilərdi. Ölüm sayı daha çox ola bilərdi, insanlar bundan daha çox əziyyət çəkə bilərdilər. İndi meymunçiçəyi də olmasa, haqqında belə təşviş yaranmaz. Dövlət, hökumət bu xəstəlik barəsində düşünür və bununla bağlı qabaqlayıcı tədbirlər düşünülür.”

Oxşar Xəbərlər