SİYASƏT

İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.

32gun.az müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: Buyurun, eşidirəm sizi.

– Cənab Prezident, ilk növbədə, bizə vaxt ayırdığınıza görə minnətdarlığımızı ifadə edirik. Bu gün kifayət qədər sıx qrafikiniz var idi. İlk görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə oldu. Sülhə doğru daha bir addımın atılması üçün son görüş də onun vasitəçiliyi ilə keçirildi. Daha da yaxınlaşa bilirikmi və bu prosesdə Avropa İttifaqının, şəxsən Şarl Mişelin rolunu necə qiymətləndirirsiniz?

- Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq.

Hələ ki, təmaslar davam edir. Biz danışdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun ardı kəsilməməlidir. Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün səhər Şarl Mişellə bir saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın.

– Cənab Prezident, Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər?

- Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoq. Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm.

O ki qaldı, Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.

-Cənab Prezident, enerji məsələsinə toxundunuz. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz? Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropaya nə vəd verir və qazın həcmini artırmağımız üçün Avropa hansı addımlar atmalıdır?

- Deyə bilərəm ki, burada da çox dəqiq və açıq gündəlik var. Çünki biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.

-Cənab Prezident, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşün detalları barədə də öyrənmək istərdik. Nəzərə alsaq ki, Azərbaycan ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur, digər tərəfdən isə Azərbaycan üçün əsas prioritet mina təhlükəsizliyi məsələsidir. Ermənistan isə hələ də təxribatlar törətməyə davam edir. Görüş çərçivəsində hansı məsələlərə toxunuldu və istərdik ki, Siz ətraflı şəkildə məlumat verəsiniz.

- Bəli, bu məsələ bütün görüşlərdə qaldırılır. Bu gün də Ermənistan baş naziri ilə tədbir çərçivəsində ayaqüstü söhbətim də olmuşdur, bundan sonra da olacaqdır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyir. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil. 

*** 20:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.

32gun.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar Xəbərlər