Suriya milli valyutasının çapını Rusiyada həyata keçirməkdən imtina edərək Birləşmiş Ərəb Əmirlikləri və Almaniya ilə əməkdaşlığa yönəlmək niyyətindədir.
32gun.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Planlara təkcə tərəfdaşların dəyişdirilməsi deyil, həm də əsginasların dizaynının yenilənməsi daxildir. Yeni pullardan keçmiş prezident Bəşər Əsədin portretinin çıxarılması nəzərdə tutulur.
Məlumata görə, layihəyə Almaniyanın iki şirkəti — dövlətə məxsus Bundesdruckerei və qiymətli kağızların istehsalında ixtisaslaşan özəl Giesecke+Devrient maraq göstərib. Giesecke+Devrient danışıqlarla bağlı şərh verməkdən imtina edib. Almaniya hökuməti isə bildirib ki, Suriya ilə heç bir razılaşma aparılmır.
2012-ci ilə qədər Suriya əsginasları Avstriya Mərkəzi Bankının törəmə şirkəti tərəfindən çap olunurdu. Avropa İttifaqının Əsəd rejimi ilə müxalifət arasında baş verən qarşıdurmaya görə tətbiq etdiyi sanksiyalardan sonra bu funksiyanı Rusiya öz üzərinə götürmüşdü.
İndi isə Dəməşqin alternativ tərəfdaşlar axtarması ölkənin xarici siyasət kursunu dəyişdirməyə hazırlaşdığına işarə kimi qiymətləndirilir.
Qeyd edək ki, aprelin 18-də France 24 telekanalı Suriyada nağd pul qıtlığının yaşandığını və hökumətin pul çıxarılmasına məhdudiyyətlər tətbiq etdiyini xəbər vermişdi.