DÜNYA ÖZ XƏBƏR

Qara dəliklər ulduzların daxilində də yarana bilər - Hindistanlı alimlərdən inqilabi nəzəriyyə

Hindistanın Tatanın Fundamental Tədqiqatlar İnstitutunun astrofizikləri qara dəliklərin yaranması ilə bağlı elmi dünyanı təəccübləndirən yeni nəzəriyyə irəli sürüblər. Onlar qara dəliklərin təkcə supernova partlayışlarından sonra deyil, həm də canlı ulduzların daxilində – yəni ulduzlar hələ ölməmişkən yarana biləcəyini bildiriblər.

32gun.az bildirir ki, araşdırma Physical Review D jurnalında dərc olunub.

Alimlərin fikrincə, bəzi ulduzların nüvəsində toplanan qaranlıq materiya nəticəsində mikroskopik qara dəliklər yaranır. Bu obyektlər klassik qara dəliklərdən fərqli olaraq yavaş şəkildə böyüyür və müşahidə üçün uzun müddət görünməz qala bilir.

Xüsusilə ağ cırtdanların – ömrünü başa vurmuş sıx ulduz qalıqlarının – taleyi maraq doğurur. Tədqiqat üç ssenarini ehtimal edir: qara dəlik ulduzu tam udur, fiziki qanunları pozan “çılpaq singulyarlıq” yaranır və ya qara dəlik ulduzun nüvəsində “parazit” kimi mövcud olaraq onu yavaş-yavaş daxildən dəyişir.

Alimlər hesab edirlər ki, Süd Yolu qalaktikasının mərkəzində bu tip qara dəliklərin sayı çox ola bilər, çünki həmin bölgədə qaranlıq materiyanın sıxlığı yüksəkdir.

Bu kəşf kainatın təbiəti ilə bağlı mövcud təsəvvürləri alt-üst edir. İndi göydə parlayan hər bir ulduzun daxilində onu səssizcə daxildən “yeyən” kosmik parazit – qara dəlik ola bilər.

Ayxan 

Oxşar Xəbərlər