İrana qarşı birlikdə” (UANI – United Against Nuclear Iran) adlı təşkilat ABŞ prezidenti Donald Tramp administrasiyasına İrana qarşı mümkün hərbi zərbələr üçün 50 hədəfi əhatə edən xəritə təqdim edib.
32gun.az bildirir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı 50 hərbi obyekti əhatə edən dosye hazırlayaraq bazar ertəsi səhər saatlarında Ağ Evin nümayəndələrinə təqdim edib. Sənəddə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/KSEİK) baş qərargahının dəqiq koordinatlarının yer aldığı bildirilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqtonun İrana qarşı hərbi addımlarının hansı xarakter daşıya biləcəyini anlayır. Bununla belə, o qeyd edib ki, bu məsələ ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.
Qeyd edək ki, dekabrın 28-də İranda milli valyutanın kəskin ucuzlaşması fonunda etiraz aksiyaları başlayıb. Etirazlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə ilə müşayiət olunub. Aksiyalar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük etirazlar Tehranda keçirilib, ən gərgin toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Malekşahi, Kirmanşah və Lordegan şəhərlərində qeydə alınıb.
Ayaz