Fransa prezidenti Emmanuel Makronun qanla dolmuş gözü klassik subkonyunktival qanaxma halıdır.
32gun.az yazır ki, bu barədə RT-yə müsahibəsində professor, tibb elmləri doktoru, oftalmocərrah Tatyana Şilova məlumat verib.
Onun sözlərinə görə, sadə dillə desək, bu, gözün selikli qişası altında yerləşən xırda damarların partlamasıdır. “Bu vəziyyət vizual olaraq həqiqətən qorxulu görünür. Göz qanla dolur, qızarır və bəzən yüngül şişkinlik müşahidə olunur”, – deyə mütəxəssis bildirib.
Şilova vurğulayıb ki, bu hal, adətən, görmə qabiliyyəti üçün təhlükəli sayılmır və ciddi fəsadlara yol açmır.
Ekspertin sözlərinə görə, belə qanaxmanın yaranmasının bir neçə səbəbi ola bilər. Bunlara arterial təzyiqin qəfil yüksəlməsi, güclü fiziki gərginlik, xroniki yorğunluq və damarların kövrəkliyi daxildir.
Qeyd edək ki, yanvarın 15-də Emmanuel Makron Fransa Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı vəziyyətdə olduğu diqqət çəkib. Hərbçilərlə görüşdən əvvəl prezident gözünün “xoşagəlməz görünüşünə” görə üzr istəyib və bununla bağlı “heç bir ciddi problemin olmadığını” bildirib.
Makronun bu çıxışından sonra sosial şəbəkələrdə istifadəçilər zarafat edərək onun yenidən həyat yoldaşı ilə mübahisə etdiyini və məişət zorakılığının qurbanı olduğunu iddia ediblər.
Ayaz