"Kontakt Home" mağazalar şəbəkəsindən iki ədəd Hoffmann markalı paltaryuyan maşın alan vətəndaş Aidə Əliyeva mağaza və onun servis xidmətindən kəskin narazılığını bildirib.
32gun.az xəbər verir ki, Onun sözlərinə görə, eyni model olan iki maşından biri şəhərdə, digəri isə rayonda quraşdırılıb. Qısa müddət ərzində hər iki cihaz sıradan çıxıb. Şəhərdəki maşını yoxlayan texniki heyət bunun zavod qüsuru olduğunu təsdiqləyib. Lakin lazımi ehtiyat hissələrinin olmadığını əsas gətirərək, cihazın dəyişdirilməsi qərara alınıb. Müştəri yeni model üçün əlavə ödəniş edib və bir həftəlik zənglərdən sonra cihazı yenisi ilə dəyişdirə bilib.
"Lakin rayondakı maşınla bağlı məsələ artıq bir aydır həll olunmur," – deyə Aydə Əliyeva bildirir. Onun sözlərinə görə, hər gün “Kontakt Home”un Call Center-ə edilən zənglər cavabsız qalmır, lakin nəticə də vermir.
"Hər gün eyni yalan vədlər: bu gün gələcəklər, bu gün problem həll olunacaq. Axırda isə operatorlar telefonu üzümüzə bağlayır."
Aydə Əliyeva bildirib ki, üstəlik hələ mövcud olmayan borc sistemə əlavə olunub və hüquq şöbəsindən bir nəfər hər gün zəng edərək ödəniş tələb edir.
“Qüsurlu texnikanı da, pullarını da özlərinə saxlasınlar. Biz normal mağazadan yenisini alacağıq.”
Müştəri digər vətəndaşlara da xəbərdarlıq edib:
“Mənim yaşadıqlarımı yaşamamaq üçün bu mağazalar şəbəkəsindən uzaq durun. Əsəblərinizi və vaxtınızı qoruyun!”
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.
Ayaz