Daha əvvəl məlumat verdiyimiz "Seranit Azərbaycan" şirkətinin təşkilatçılığı ilə keçirilən İstanbula mediatur çərçivəsində TRT World telekanalına ziyarət gerçəkləşdi.
Türkiyənin qlobal informasiya mübarizəsində önəmli rol oynayan beynəlxalq xəbər platforması TRT World, Azərbaycan jurnalistləri üçün təşkil olunan mediatur çərçivəsində öz qapılarını açdı. Ziyarət zamanı kanalın strateji məqsədləri, rəqəmsal yayımları və regionda baş verən proseslərə dair tutarlı mövqeyi media nümayəndələri ilə bölüşüldü.

TRT World Kanal Koordinatoru Mövlud Selman Tecim media mənsubları ilə görüşdə çıxış edərək qeyd etdi ki, uzun illərdir dünyada informasiya axını Qərb mediasının diktəsi ilə formalaşır. O, 2015-ci il iyul hadisələrinin Türkiyə üçün dönüş nöqtəsi olduğunu və həmin zamandan etibarən dövlətin alternativ informasiya mənbəyi olaraq TRT World kanalının yaradılmasına qərar verdiyini bildirdi. Məqsəd – təkcə Türkiyənin deyil, bölgənin də gerçək səsini dünyaya çatdırmaq, dezinformasiyaya qarşı mübarizə aparmaq və ədalətli informasiya mühitinə töhfə verməkdir.
Kanal hazırda 12 peyk vasitəsilə 190 ölkədə yayımlanır, 1.6 milyard insan potensial auditoriya olaraq hədəflənir. Dünyanın müxtəlif platformalarında fəaliyyət göstərən 9 rəqəmsal kanal, hər biri üçün ayrıca formalaşdırılmış strategiyalarla sosial mediada öz auditoriyasına uyğun kontent təqdim edir. “TikTok istifadəçisi ilə Facebook istifadəçisinin maraq dairəsi və informasiyaya yanaşması eyni deyil,” – deyə Tecim vurğulayır.
Maraqlı məqam ondan ibarətdir ki, TRT World, yüksək maliyyə xərclərinə alternativ olaraq dünyanın müxtəlif ölkələrində "freelancer" müxbirlər şəbəkəsi ilə işləyir.
M.S. Tecim bildirir ki, müasir dövrdə dünyanın müxtəlif nöqtələrində daimi nümayəndəliklər saxlamaq maliyyə baxımından məqsədəuyğun deyil:
"Bu səbəbdən freelancer jurnalistlərlə əməkdaşlığa üstünlük veririk. Hazırda dünyanın onlarla ölkəsində bizim üçün məlumat toplayan müxbirlər var və bu əməkdaşlıqdan ciddi şəkildə faydalanırıq. Məsələn, Yunanıstanda bizimlə işləyən müxbirlərdən biri məlumat verdi ki, miqrant qayığı batarkən yunan sahil mühafizəsi onları xilas edib. Halbuki Yunanıstan, ümumilikdə, miqrantlara qarşı sərt davranışı ilə tanınır və bu ölkənin sularında hər il minlərlə insan həyatını itirir. Elə həmin müxbir bu hadisəni xəbər kimi təqdim etməyi təklif etdi. Biz də bildirdik ki, əgər belə bir fakt baş veribsə, onu obyektiv şəkildə işıqlandırmaq lazımdır. Çünki məqsədimiz hər hansı bir ölkəni hədəf almaq deyil, miqrantlara qarşı tətbiq olunan qeyri-insani rəftarı diqqətə çatdırmaqdır."
Tecim qeyd edir ki, hazırda TRT World-un 500-dən çox əməkdaşla qlobal şəbəkəsi formalaşıb. Bu jurnalistlər sərbəst əsaslarla fəaliyyət göstərir.
"Bu model həm maliyyə baxımından daha effektivdir, həm də geniş əhatə imkanları yaradır. Çünki hər ölkədə daimi heyət saxlamaq çox ciddi büdcə tələb edir. Eyni zamanda, əməkdaşlarımızın bir çoxunu tələbələr və gənc jurnalistlər arasından seçərək xüsusi təlimlərə cəlb etmişik. Bu yanaşma bizi yalnız media qurumu yox, eyni zamanda jurnalist yetişdirən bir platformaya çevirir."
Kanalın fəaliyyətində Azərbaycan dilinə də xüsusi yer ayrılıb. Bakıda rəsmi təmsilçilik fəaliyyət göstərir və Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir. TRT ilə AzTV arasında həyata keçirilən birgə layihələr iki ölkənin informasiya mühitindəki əlaqələrini daha da möhkəmləndirir.

Ziyarət zamanı kanalın baş direktor müavini Ahmet Görmez də media nümayəndələrini qəbul edərək, bu görüşü iki qardaş ölkənin media sahəsində əməkdaşlığının dərinləşməsi baxımından önəmli addım kimi dəyərləndirdi. Görmez, TRT World-un yalnız xəbər istehsalı ilə kifayətlənmədiyini, eyni zamanda yeni media texnologiyalarının tətbiqi və gənc jurnalistlərin yetişdirilməsi sahəsində də əhəmiyyətli işlər gördüyünü qeyd etdi.
TRT World həm də regionda baş verən geosiyasi proseslərə xüsusi diqqət yetirir. Zəngəzur dəhlizi, Ermənistan-Azərbaycan münasibətləri və bu kontekstdə regional əməkdaşlıq imkanları kanalın əsas xəbər gündəmini təşkil edir. Tecim bildirir ki, Azərbaycanın torpaqlarını azad etməsi və bölgədə yeni reallıqların yaranması TRT World tərəfindən obyektiv şəkildə işıqlandırılır.
Bu gün TRT World dünya media arenasında özünü yalnız Türkiyənin deyil, bütün Türk dünyasının və qlobal ədalətin səsi kimi təqdim edir. Qərbin dominant informasiya modelinə alternativ olaraq, hadisələri yerində işıqlandırmaq, həqiqəti göstərmək, zülm və ədalətsizliyə qarşı informasiya mübarizəsi aparmaq kanalın əsas prioritetlərindəndir.

Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş Redaktoru