SOSIAL ÖZ XƏBƏR

Sakıp Sabancı Muzeyi: İncəsənət, Tarix və Boğazın Ahəngi / Reportaj + FOTO

"Seranit Azərbaycan"ın təşkilatçılığı ilə  İstanbula mediaturun təşkil olunması barədə məlumat vermişdik.

Səfərin son günü isə ziyarətimiz Sakıp Sabancı Muzeyinə yönəldi - və bu ziyarət şübhəsiz ki, ən yaddaqalan anlardan biri oldu. 

İstanbulun Emirgan səmtində, Boğaziçinin Rumeli sahilində yerləşən Sakıp Sabancı Muzeyi, həm tarixi Atlı Köşk binası, həm də daxilində qorunan sənət əsərləri ilə ziyarətçiləri öz sehrinə salır.Sakıp Sabancı Muzeyi, Sabancı Universitetinə bağlı bir muzeydir.

Muzeyi gəzməmişdən öncə internet resusrslarından əldə etdiyim məlumata görə, 1925-ci ildə italyan memar Edouard De Nari tərəfindən inşa edilən bu möhtəşəm köşk, 1951-ci ildə Hacı Ömər Sabancı tərəfindən ailəyə alınmış və uzun illər Sabancı ailəsinin yay iqamətgahı olmuşdur. Sakıp Sabancı Muzeyinin yerləşdiyi bina, 1925-ci ildə Misir Hidiv Ailəsindən Prens Mehmet Ali Həsən tərəfindən yay iqamətgahı olaraq tikilmişdir.

Muzeyi gəzdiyimiz zaman bildirdilər ki, Sakıp Sabancı ölümündən iki il əvvəl həmin köşkdən köçmüşdü və artıq orada yaşamırdı. Bina 2002-ci ildə muzey kimi fəaliyyətə başlamışdır

2002-ci ildən etibarən isə ictimaiyyətə açılmış və bu gün Türkiyənin aparıcı sənət və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

Muzeyin ətrafında gəzişərkən diqqətimizi çəkən ən maraqlı cəhətlərdən biri də onun yerləşdiyi bənzərsiz coğrafi mövqe idi. Boğaz sahilində yerləşdiyi üçün, muzeyin önündən fasiləsiz olaraq gəmilər keçir. Xüsusilə Boğazın daraldığı hissədə, Atlı Köşkün yaxınlığından gəmilərin keçidi daha aydın şəkildə müşahidə olunur. Bu görüntü, həm tarixi ab-havanı, həm də təbiətin gözəlliyini eyni anda hiss etdirir. Boğaz mənzərəsindən zövq almaq istəyənlər üçün Sakıp Sabancı Muzeyi unudulmaz bir məkandır.

Muzeyin daxilində isə bizi daha dərin bir səssizlik və sənətə hörmət hissi qarşıladı. Hər bir tabloda, hər bir əsərdə özünəməxsus bir hekayə yatırdı. Əsərlərin arxasındakı tarixçələri öyrəndikcə artıq yalnız seyrçi deyil, bu hekayələrin bir parçası olduq.

Türk və İslam kitab sənəti və xəttatlıq nümunələri, Quran-ı Kərimin nadir əlyazmaları bu kolleksiyada xüsusi yer tutur. Məsələn, 1643–1644-cü illərdə xəttat Ramazan b. İsmail tərəfindən köçürülmüş Qurani-Kərim nüsxəsi diqqət çəkən əsərlərdən biri idi.

Bu kolleksiya Atlı Köşkün yuxarı mərtəbəsində yerləşir və çərşənbə axşamından bazar gününə qədər, saat 10:00-dan 18:00-a qədər ziyarət edilə bilər.

Ekskursiya çərçivəsində muzeyin fərqli bir tərəfi ilə tanış olduq. Sabancı ailəsinin illər boyu yaşadığı ailə otaqları, orijinal dekorasiya və mebellər, eləcə də mədəni irsin qorunması  aydın görünür.

Orada  bizə bildirildi ki, Muzeyin fəaliyyəti sərgilərlə məhdudlaşmır. Burada təhsil proqramları, konfranslar, seminarlar və müxtəlif mədəniyyət tədbirləri də keçirilir. Ziyarət üçün bazar ertəsi günləri muzey bağlı olur, çərşənbə axşamları isə giriş pulsuzdur. Digər günlər üçün isə həm tam, həm də güzəştli bilet kateqoriyaları mövcuddur.

Bu ziyarət bizə bir daha sübut etdi ki, Sakıp Sabancı Muzeyi yalnız sənətə deyil, həm də yaşayan tarixə, mədəniyyətə və təbiətə açılan bir pəncərədir.

İstanbul səfərinin ruhunu hiss etmək istəyən hər kəs üçün bu muzey, mütləq ziyarət olunmalı məkanlar siyahısında yer almalıdır.

Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş Redaktoru

 

Oxşar Xəbərlər