SOSIAL ÖZ XƏBƏR

DİQQƏT❗ Məktəbli çantası seçimi uşaqların sağlamlığına necə təsir edir

Məktəbli çantası seçimi uşaqların sağlamlığına necə təsir edir

Valideynlərin məktəbli çantası seçimində etdiyi səhvlər uşaqların sağlamlığı üçün ciddi risklər yaradır.

32gun.az-ın apardığı araşdırmaya görə, çox vaxt seçim zamanı əsas diqqət çantanın rəngi, dizaynı və modaya uyğunluğu üzərində cəmləşir.  Lakin çantanın çəkisi, ölçüsü, arxa hissəsinin möhkəmliyi və çiyin qayışlarının rahatlığı kimi ergonomik göstəricilər nəzərə alınmır.

Məlumatlara görə, bədən çəkisinin 10–15 faizindən ağır olan çantalar uşaqlarda bel və çiyin ağrılarına, onurğa sütununda əyriliklərin yaranmasına səbəb olur. Xüsusilə tək çiyində daşınan və ya nazik qayışlı modellər bədənin tarazlığını pozaraq sümük-əzələ sisteminə əlavə yük salır. Araşdırma həmçinin göstərir ki, uzunmüddətli yanlış seçimlər uşaqlarda onurğa problemlərinin, əzələ gərginliklərinin və duruş pozğunluqlarının artmasına gətirib çıxarır.

Ortoped-travmatoloq Ramin Məmmədov 32gun.az-a açıqlamasında bildirib ki, valideynlər çanta seçərkən yalnız görünüşə yox, həm də funksionallığa diqqət etməlidirlər: “Çantanın arxa hissəsi bədənin formasına uyğun, çiyin qayışları isə yumşaq və tənzimlənə bilən olmalıdır. Ağır və ölçüsündən böyük çantalar uşaqlarda onurğa əyriliklərinin yaranmasına səbəb ola bilər. Tək çiyində daşınan çantalar isə balanssızlığa gətirib çıxarır və uzunmüddətli fəsadlar yaradır.”

Araşdırma onu da göstərir ki, məktəbli çantasının düzgün seçilməsi sadəcə dərsliklərin daşınması üçün deyil, uşaqların uzunmüddətli sağlamlığı üçün də həyati əhəmiyyət daşıyır.

Nilay

Oxşar Xəbərlər