SOSIAL ÖZ XƏBƏR

Gündə neçə litr su içilməlidir? – Qadınlar, kişilər və uşaqlar üçün normativlər və risklər

Su insan orqanizminin əsas həyat mənbələrindən biridir. Həkimlərin fikrincə, gündəlik su qəbulu bədən çəkisi, yaş, cins və həyat tərzindən asılı olaraq dəyişir. Lakin orta hesabla böyüklər üçün gündə 1,5–2,5 litr su içilməsi normal sayılır.

32gun.az bununla bağlı qısa arşdırma edib:

Qadınlar üçün: Hamiləlik və südvermə dövründə maye tələbatı artır. Adi şəraitdə isə gündə təxminən 2 litr su kifayət edir. Həddən artıq çox su içilməsi isə böyrəklərə əlavə yük sala bilər.

Kişilər üçün: Aktiv fiziki işlə məşğul olan və idman edən kişilərdə gündəlik su ehtiyacı 2,5–3 litr arasında dəyişə bilər. Lakin həddindən artıq su qəbulu qanın durulaşmasına, orqanizmdə elektrolit balansının pozulmasına gətirib çıxara bilər.

Uşaqlar üçün: Kiçik yaşlarda orqanizm su itkisinə daha həssasdır. Uşaqlar üçün gündəlik su miqdarı yaşa uyğun olaraq 1–1,5 litr arası hesab olunur. Lakin qazlı və şəkərli içkilərin suyun əvəzinə istifadəsi sağlamlıq üçün zərərlidir.

Mütəxəssis, dietoloq Kamandar Həsənov 32gun.az-a açıqlamasında bildirib ki, su qəbulu hər bir insan üçün fərdi yanaşma tələb edir:
“Bəzi insanlar səhvən nə qədər çox su içsələr, bir o qədər sağlam qalacaqlarını düşünürlər. Amma bu, yanlışdır. Çox su içmək bədəndə natrium çatışmazlığına və hiponatremiyaya səbəb ola bilər. Ən doğru yanaşma isə susuzluğu gözləmədən gün ərzində bərabər intervallarla su qəbul etməkdir.”

Araşdırmalar göstərir ki, düzgün su qəbulu həm dərinin sağlam görünməsinə, həm də maddələr mübadiləsinin normallaşmasına yardım edir. Bununla yanaşı, artıq su qəbulunun da zərərli tərəfləri olduğu üçün mütəxəssislər gündəlik normanı keçməməyi tövsiyə edirlər.

Nəticə: Hər kəsin suya olan tələbatı fərqlidir. Lakin orta hesabla qadınlar üçün 2 litr, kişilər üçün 2,5 litr, uşaqlar üçün isə 1–1,5 litr su içilməsi tövsiyə olunur. Ən əsası isə, su qəbulunu həyat tərzi və sağlamlıq vəziyyətinə uyğun şəkildə tənzimləməkdir.

Ayaz

Oxşar Xəbərlər