HADİSƏ

Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunur.

32gun.az Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salır.

Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub. Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb. Həmin statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti öz bəhrəsini verib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Həmin proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

Oxşar Xəbərlər