SOSIAL ÖZ XƏBƏR

Sabiq Deputatın "Kontakt Home”undan şikayət: “Müqavilə şərtlərinə baxmayaraq cərimə faizləri silinmir”

Yasin Zamanlı adlı vətəndaş sosial şəbəkədə “Kontakt Home” mağazasından kreditlə aldığı telefonla bağlı narazılığını paylaşıb. Onun sözlərinə görə, müqavilədə 6 ay ərzində rəsmi iş yerinin olmaması halında cərimə faizlərinin hesablanmaması barədə maddə yer alsa da, buna əməl olunmur.

Vətəndaş bildirib ki, 19 may 2025-ci il tarixində mağazadan iPhone 16 (128 GB) model telefon alıb. Kredit götürdüyü dövrdə rəsmi iş yeri olub. 4 avqust 2025-ci ildə işindən ayrıldığını və bu barədə mağazaya sənədləri təqdim etdiyini deyən Zamanlı əlavə edib ki, həmin vaxt cərimə faizləri silinib.

Lakin 23 sentyabrda yenidən mağazaya yaxınlaşaraq eyni qaydada sənədlərini təqdim etsə də, bu dəfə faizlərin silinmədiyini vurğulayıb:

“Mağazanın əməkdaşı sənədləri göndərdiklərini dedi. Ən maraqlısı isə odur ki, 25 sentyabrda rəsmi işə başladım. İki gün sonra ödəniş məlumatlarını yoxladım və gördüm ki, cərimə faizləri silinməyib, əksinə artır. Mağazaya iradımı bildirdikdə isə dedilər ki, artıq rəsmi işiniz var və cərimələr silinməyəcək.”

Vətəndaş hesab edir ki, bu yanaşma məntiqə uyğun deyil:

“5 gündür rəsmi işə başlamışam, amma 200 manata yaxın cərimə yazılıb. Növbəti ayın ödənişini necə edim? Qaynar xəttə dəfələrlə müraciət etdim, amma heç bir kömək olmadı”, – deyə Yasin Zamanlı bildirib.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi olduğu iddia edilən sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.
Ayaz 

Oxşar Xəbərlər