Ulu öndərin adını daşıyan parkdakı BİABIRÇILIQ + 2 il öncə... / FOTOLAR
Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park acınacaqlı vəziyyətdədir.
32gun.az xəbər verir ki, vaxtilə insanların istirahət və gəzinti məkanı olan bu park bu gün baxımsızlıq və məsuliyyətsizliyin simvoluna çevrilib.
Parkda daş məhəccərlər dağılıb, uşaqlar üçün təhlükə yaradır.
Hansı ki, həmin park 2-3 il bundan öncə Ali Baş Komandanın Qazaxa səfəri ərəfəsində təmir edilmişdi.(2023)
Parkın ərazisində abadlıqdan əsər-əlamət qalmayıb. Geniş bir sahəni əhatə edən parkda insanların oturub dincəlməsi üçün kifayət qədər oturacaq belə yoxdur. Əvəzində isə parkın müxtəlif yerlərində iaşə obyektləri fəaliyyət göstərir, açıq şəkildə yemək bişirilir, kabab çəkilir.
Belə bir mənzərə, Ulu Öndərin adını daşıyan bir park üçün nəinki yolverilməz, hətta biabırçılıqdır. İnsanların istirahət yeri olması gərəkən məkan sanki kommersiya maraqlarının qurbanına çevrilib.
Sakinlər haqlı olaraq narazılıq edirlər: parkda dincəlmək mümkün deyil, hər addımda ticarət və qida obyektləri gözə dəyir. Onların fikrincə, bu, həm ictimai mədəniyyətə, həm də Ulu Öndərin adına açıq hörmətsizlikdir.
Qazax şəhərində belə bir vəziyyətin yaranması aidiyyəti qurumların ciddi laqeydliyinin nəticəsidir. Məsul şəxslər bu mənzərəni görməzlikdən gəlir, sanki Qazaxda Heydər Əliyev parkı unudulub.
Redaksiya olaraq hesab edirik ki, bu hal dərhal aradan qaldırılmalı, park öz təyinatına – xalqın istirahət məkanı statusuna qaytarılmalıdır. Əks halda bu vəziyyət həm ictimai narazılığın, həm də hörmətsizliyin rəmzinə çevriləcək.
Ayaz Musaköylü