Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza müharibəsinin dayandırılmasına həsr olunmuş sammitdə diqqətçəkən an yaşanıb.
32gun.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronla görüş zamanı onun əlini bir neçə saniyə ərzində buraxmayıb. Hadisə “Fox 9” telekanalı vasitəsilə canlı yayımlanıb.
Sammitin rəsmi hissəsi – dövlət başçılarının birgə fotosessiyası zamanı Tramp ardıcıl olaraq tədbirə qatılan liderlərlə əl sıxıb. Lakin Makronla salamlaşma anı digərlərindən fərqli olaraq daha uzun çəkib. Trampın fransız həmkarının əlini buraxmaq istəməməsi kameralarda açıq şəkildə əks olunub.
Maraqlıdır ki, bundan bir qədər əvvəl Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisini salamlamadan keçib, bu da mediada müzakirələrə səbəb olub.
Qeyd edək ki, 13 oktyabrda ABŞ və Misir rəhbərlərinin sədrliyi ilə başlayan sammitin əsas məqsədi Qəzza zolağında müharibənin dayandırılması, bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi, eləcə də yeni regional təhlükəsizlik səhifəsinin açılmasıdır. Tədbirdə 30-dan çox dövlətin, həmçinin beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir.
Ayaz