ABŞ Prezident Administrasiyasının Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib ki, prezident Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında münasibətlər möhkəm qalır.
32gun.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Hassett çıxışı zamanı qeyd edib ki, Pekinin qəfil şəkildə nadir torpaq elementləri ilə bağlı təzyiqi artırması Vaşinqtonu təəccübləndirib:
“Sədr Si və prezident Tramp güclü münasibətlərə malikdirlər. Bizim də bir çoxumuzun Çinli həmkarlarla yaxşı iş əlaqələrimiz var. Buna görə də Pekinin nadir torpaq elementləri məsələsində birdən-birə təzyiqi artırması bizi təəccübləndirdi. Bu, kiçik məsələ kimi görünə bilər, amma belə addımlar iqtisadiyyata ciddi təsir göstərə bilər.”
Xatırladaq ki, 11 oktyabrda Donald Tramp 1 noyabrdan etibarən Çindən idxal olunan bütün mallara 100 faiz rüsum tətbiq ediləcəyini açıqlamışdı. Bununla yanaşı, ABŞ “xüsusi əhəmiyyət daşıyan proqram təminatına” da ixrac nəzarəti qoyub.
Trampın sözlərinə görə, bu addımlar Çin tərəfindən ticarət sahəsində “son dərəcə aqressiv mövqe” nümayişinə cavab olaraq atılıb.
Qeyd edək ki, Çin daha əvvəl nadir torpaq metalları ilə bağlı texnologiyaların hasilatı və emalı üzərində ixrac nəzarəti tətbiq etmişdi. Çin bu sahədə dünya bazarının təxminən 70 faizini nəzarətdə saxlayır.
Trampın açıqlamasından sonra ABŞ fond bazarında 1,65 trilyon dollarlıq kapital itkisi qeydə alınıb.
Ayaz