DÜNYA ÖZ XƏBƏR

Ukraynada bir parkın adı Trampın şərəfinə dəyişdirilib

 Ukraynanın Çerniqov şəhər şurası “Nağıl” (“Skazka”) parkını ABŞ-ın keçmiş prezidenti Donald Trampın şərəfinə adlandırıb.

32gun.az bildirir ki, bu barədə “Suspilne Çerniqov” nəşri məlumat yayıb.

Şəhər şurasının deputatı Mariya Sokolova sosial şəbəkədə yazıb:

“Artıq Çerniqovda Tramp parkı var. Növbəti addım — ABŞ prezidentinə və onun ailəsinə müraciət etmək olacaq.”

Deputatların sözlərinə görə, parkın adının dəyişdirilməsi “müasir dövrün görkəmli siyasi liderlərini anmaq məqsədi” daşıyır.

Lakin bu qərar şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Ukrayna Milli Yaddaş İnstitutu da bu addımı qanunsuz adlandırıb. İnstitutun nümayəndəsi Serhiy Butko bildirib ki, Ukrayna qanunvericiliyi yaşayan şəxslərin adını küçə və obyektlərə verməyə icazə vermir. O, həmçinin qeyd edib ki, parkın adının dəyişdirilməsi ilə bağlı nə toponimika komissiyasının iclası, nə də ictimai müzakirə keçirilib.

Şəhər sakinləri arasında aparılan anonim sorğunun nəticələrinə görə, 70 faizdən çox çerniqovlu parkın adının dəyişdirilməsinə qarşı çıxıb.

Qeyd edək ki, “Nağıl” parkı 2018-ci ildə Çerniqov şəhərinin Şerstyanka rayonunda, “Çerniqovşerst” sənaye müəssisəsinin yaxınlığında salınıb.

Ayaz 

Oxşar Xəbərlər