Avropa Komissiyası Rusiya aktivlərini müsadirə etməyi planlaşdırır
Avropa Komissiyası (AK) 2025-ci ilin sonunadək Qərbdə dondurulmuş Rusiya dövlət aktivlərini müsadirə etməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus Brüsseldə Avropa İttifaqının 2030-cu ilə qədər təhlükəsizlik strategiyasına dair “yol xəritəsini” təqdim edərkən məlumat verib.
Kubilyusun sözlərinə görə, sənəddə “reparasiya krediti” adlı vacib bənd yer alıb və bu mexanizm 2025-ci ilin sonuna qədər həyata keçiriləcək. O qeyd edib ki, bu vəsait Ukraynanın hərbi ehtiyaclarına yönəldiləcək.
Avropa Komissiyası “reparasiya krediti” ifadəsini Rusiya suveren aktivlərinin müsadirəsi planı kimi təqdim edir.
Kubilyus bildirib ki, yaxın illərdə Ukrayna Brüsselin əsas hərbi tərəfdaşına çevriləcək, Avropa İttifaqı Ukraynanın “innovativ həllərindən” və “hərbi təcrübəsindən” faydalanmaq niyyətindədir.
Onun sözlərinə görə, Avropa İttifaqı və Ukrayna “Avropa təhlükəsizlik qalxanı”nı birgə qurmağı planlaşdırır.
Məlumata əsasən, Avropa Komissiyasının təklif etdiyi “reparasiya krediti” çərçivəsində Belçikanın Euroclear platformasında dondurulmuş təxminən 210 milyard avronun 185 milyardının müsadirə olunması nəzərdə tutulur.
Ayaz