Rusiyanın Kuzbas bölgəsində 35 yaşlı kişi mağazadan oğurluq etdikdən sonra götürdüyü malları təsadüfi insanlara paylayıb.
32gun.az xəbər verir ki, bu barədə region üzrə Daxili İşlər İdarəsi məlumat yayıb.
Hadisə Mejdureçensk şəhərində baş verib. Mağaza əməkdaşı təhlükəsizlik kameralarının görüntülərinə baxarkən naməlum şəxsin vitrindən 10 ədəd ətir dəsti götürərək çıxardığını aşkarlayıb. Oğurluğun dəyəri 3 min rublu keçib və mağaza işçisi dərhal polisə müraciət edib.
Polis qısa müddətdə şübhəlini müəyyən edərək saxlayıb. Məlum olub ki, o, əvvəllər dəfələrlə məhkum olunmuş yerli sakindir. Dindirilmə zamanı kişi bildirib ki, əvvəlcə tualet suyu oğurlayıb satmaq və pul qazanmaq istəyib, lakin səhvən ətir dəstlərini götürüb. Bunu anlayandan sonra isə onları küçədə təsadüfi insanlara paylayıb.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 158.1-ci maddəsi (oğurluq) üzrə cinayət işi açılıb. Kişini iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nilay