Ermənistanda əsirlikdə olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olundu - MƏHKƏMƏ
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 27-də davam etdirilib.
32gun.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs - “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsinin sürücüsü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və yanında olan Renad Ağababayev xəsarət alıblar.
Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb, evi əşyalarla birlikdə yararsız hala düşüb.
Elan edilən ifadələrə əsasən, zərərçəkmiş Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəşlər nəticəsində bədən xəsarətləri alıblar.
Elan olunan digər ifadələrə görə, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.
Zərərçəkmiş Tevon Tağıyevin ifadəsində qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 16-da yaşadığı Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu zamanı onu, digər kənd sakinlərini və hərbçiləri girov və əsir götürüblər. Ermənistan hərbçiləri onları Xankəndi istiqamətində aparıblar. O, Kamonu, Samveli və Abonu tanıyıb. Ermənistan hərbçiləri yolda Şahmurad Hüseynovu, Həbib Hüseynovu və Zahid Xəlilovu öldürüblər. Xankəndidə saxlanıldıqdan sonra Vartan Balayan onunla birlikdə 12 nəfəri Xocavəndə gətirib. Onlar dəyişdirilən günədək Xocavənddə saxlanılıblar. Xocavənddə olduqları müddətdə Ermənistan hərbçiləri onlara işgəncələr veriblər. Oğlu Telman Tağıyev Qaradağlı kəndində Ermənistan hərbçiləri tərəfindən öldürülüb, meyitini götürə bilməyib.
İlyasov Babək Həsən oğlunun ifadəsində vurğulanıb ki, o, 1993-cü il martın 31-də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülərək, Xankəndi Şəhər Uşaq Xəstəxanasında saxlanılıb. Sonra həmin il iyunun 13-də girovluqdan azad olunub. Girov götürülərkən sağ gözündən yaralansa da, ona heç bir tibbi yardım göstərilməyib. Nəticədə bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həmin vaxt babası Aslan Mirzəyev və anası Afət Mirzəyeva vəhşicəsinə qətlə yetiriliblər.