SİYASƏT ÖZ XƏBƏR

“Cəbrayıl və Zəngilana 20-ci səfər: Gələcəyə baxan uşaqların torpağı”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı "X" hesabında paylaşım edib.

"Biz diplomatik korpusun üzvləri ilə birlikdə, Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir", - deyə o qeyd edib.

Əlbəttə, hər səfər 30 ildən sonra özümüzə qayıdan torpaqlarda ayrı qələbə, hər səfər ayrı gözəllik və daha böyük inkişafı gözlər önünə sərir.

Ən gözəl məqam isə odur ki, bu səfərlər xalqın öz Ali Baş Komandanına olan inamını daha da möhkəmləndirir. İnsanlar inanırlar ki, onun rəhbərliyi ilə onları daim işıqlı bir gələcək gözləyir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısının ətrafında sıx birləşərək ölkəmizin inkişafına töhfə verməyə davam edirlər.

Bu gün təkcə orta və yaşlı nəsil deyil, həm də gənclər və yeniyetmələr gələcəyin işığında nurlanır, vətənə sevgi və inam hissi ilə böyüyürlər. Öz dədə-baba yurdlarına qayıdan uşaqlar İlham babalarına sözlərini sərbəst şəkildə deyirlər.

Xatırlayırsınızsa, Prezident cənab İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olarkən evin azyaşlı sakini ona “Ay İlham baba, qoğalla sok içmişdim” demişdi. Bu məqam bir daha göstərir ki, hər bir uşaq prezidentinə sərbəst şəkildə fikrini ifadə edə bilir, ona inanır və onu özünə böyük dayaq hesab edir.

Təbii ki, belə səmimi və xoş məqamlar nə birincidir, nə də son olacaq...

Əgər bu hal təkrarlanarsa, hər hansı bir uşaq İlham babasına yaxınlaşıb sözünü desə, bunu nə yadırğamalı, nə də təəccüblə qarşılamalıyıq. Çünki belə səmimi münasibət və bu şərait məhz cənab Prezidentin özü tərəfindən yaradılıb.

Prezidenti İlham Əliyev daim deyib: "Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir".


Eləcə də ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin böyük əksəriyyəti, istər təhsil, istərsə də səhiyyə sahəsini əhatə etsin, əsasən uşaqlara yönəlib. Mehriban Əliyeva bu layihələrə böyük diqqət və sevgi ilə yanaşır, onların uğuru üçün səmimi şəkildə çalışır.

Uşaqlar da bu qayğını və fədakarlığı hiss edərək, ona xüsusi bir məhəbbətlə bağlanırlar.
Həmçinin Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunub, bu isə uşaqlarımızın həyatında yeni bir dövr açıb. Artıq onlar məcburi köçkün deyil, ailələri ilə birlikdə öz doğma yurdlarına qayıda bilirlər. Qarabağda aparılan bərpa və quruculuq işləri azad edilmiş ərazilərdə uşaqlar üçün daha xoşbəxt və təhlükəsiz bir mühitin formalaşmasına imkan yaradır. Bu şərait sayəsində uşaqlar öz evlərində sərbəst oynaya və gələcəyə ümidlə baxa bilirlər.

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və onların övladlarına göstərdikləri qayğı ilə hər kəs üçün nümunəvi davranış sərgiləyirlər. Onların dəstəyi və diqqəti uşaqların həyatında inam və sevincin artmasına böyük töhfə verir.

Aygün İlqarqızı / 32gun.az  Xəbər Portalının baş redaktoru

 

Oxşar Xəbərlər