Çin uğurla Yerin məsafədən zondlaşdırılması üçün nəzərdə tutulmuş “Yaogan-46” peykini orbitə çıxarıb.
32gun.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Peyk orbitə “Çanqçjen-7A” daşıyıcı raketi vasitəsilə göndərilib. Bildirilir ki, “Yaogan-46” peyki təbii fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, ölkənin torpaq və su ehtiyatlarının öyrənilməsi, eləcə də meteorologiya sahəsində istifadə ediləcək.
Qeyd edək ki, sentyabrın sonunda Çin meteoroloji müşahidələr üçün “Fengyun-3H” peykini də uğurla orbitə çıxarmışdı.
Bundan əvvəl isə Çin şirkəti Galactic Energy 2028-ci ildə dünyada ilk dəfə kosmosa raket buraxmaq üçün elektromaqnit sistemi təqdim edəcəyini açıqlamışdı. Məlumata görə, bu qurğu maqlev (maqnit yastığı) prinsipi ilə işləyəcək və raket mühərriki işə düşməzdən əvvəl onu səsdən sürətli hərəkətə gətirəcək. Sistem səssiz olacaq və raket yanacağına qənaət etməyə imkan verəcək.
Ayaz