SİYASƏT ÖZ XƏBƏR

“Ermənistan razılaşmalara əməl etməsə, Türkiyə ilə normallaşma mümkün deyil" - Mustafa Destici

Mustafa Destici: “Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm”

Türkiyənin hakim Cümhur İttifaqında təmsil olunan Böyük Birlik Partiyasının (BBP) sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Destici Bakıya səfəri çərçivəsində mətbuat konfransı keçirib.

32gun.az xəbər verir ki, partiya sədri çıxışı zamanı Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib:

“Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycan Ordusunun qazandığı bu böyük qələbə bizi qürurlandırır”.

M.Destici qeyd edib ki, Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu kimi, bundan sonra da iki qardaş ölkə bir-birini dəstəkləməyə davam edəcək:

“Əbəs deyil ki, hər iki dövlət Şuşa Bəyannaməsinin müddəalarına ən yüksək səviyyədə əməl edir. Türk Dövlətləri Təşkilatı da bu istiqamətdə nüfuzunu artırır. Həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də Prezident İlham Əliyev təşkilatın güclənməsində nümunəvi liderlərdir. Onlara təşəkkür edir, TDT-nin daha güclü gələcəyə irəliləyəcəyinə inanırıq”.

BBP sədri həmçinin bildirib ki, Ermənistan Azərbaycanla əldə olunan razılaşmalara əməl etmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi mümkün olmayacaq:

“Bundan sonra Ermənistan yalnız Azərbaycanla masa arxasına oturduqdan sonra Türkiyə ilə görüşə biləcək”.

Destici Zəngəzur dəhlizinin bütün Türk dünyası və region ticarəti üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu dəhliz həm Türk dünyasının birləşməsi, həm də Ermənistanın dünyaya açılması baxımından mühüm rol oynayacaq”.

BBP sədri səfəri çərçivəsində Ağdam şəhərinə də gedib, şəhidlərin xatirəsini yad etdiyini və bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanış olduğunu bildirib.

“Ağdamda şəhidlərimizin qəbirlərini ziyarət etdik, orada görülən genişmiqyaslı işləri gördük. Qarabağ Universitetinin fəaliyyətə başlaması, bölgədə təhsilin və həyatın bərpası bizi sevindirir”.

Destici sonda vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur:

“Biz hər zaman Azərbaycanın acısını acımız, sevincini sevincimiz bilmişik və bu, daim belə olacaq”.

32gun.az

Oxşar Xəbərlər