SOSIAL ÖZ XƏBƏR

“Yeni terminlərin dilə uyğunlaşdırılmasına məsuliyyətlə yanaşılmalıdır” - Kamran Həsənov

Azərbaycan dilinin saflığının qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması məsələsi medianın üzərinə böyük məsuliyyət qoyur.

32gun.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən təşkil olunan “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin qorunması məsələsi dövlət səviyyəsində xüsusi diqqət mərkəzindədir. K. Həsənov xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev dilin saflığının əhəmiyyətini xüsusi vurğulayıb:

“Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasına önəmli diqqət yetirdi. Bu, dövlət başçısının dil məsələsinə nə qədər həssas yanaşdığını göstərir. Son illərdə qanunvericiliyin təkmilləşdirilməsi, dilin yad təsirlərdən qorunması, eləcə də məktəb və ali təhsil müəssisələrində ədəbi dilin öyrənilməsinə diqqətin artırılması istiqamətində mühüm addımlar atılıb. Bu işlər gələcək nəsillər üçün xüsusi əhəmiyyət daşıyır”.

K. Həsənov bildirib ki, qloballaşma dilin inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər və burada balansın qorunması vacibdir:

“Xüsusilə mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dil normalarını zəiflədir. Yeni terminlərin dilimizə uyğunlaşdırılması məsələsində jurnalistlər və dil mütəxəssisləri üzərinə ciddi vəzifə düşür. Süni intellekt texnologiyalarının geniş tətbiqi fonunda da dilin saflığının qorunması diqqətdən kənarda qalmamalıdır. Jurnalistin dilə yanaşması cəmiyyətin ümumi danışıq mədəniyyətinə təsir edir”.

O vurğulayıb ki, ədəbi dilin saflığının qorunması milli kimliyimizin mühüm dayaqlarından biri olaraq davamlı şəkildə diqqət mərkəzində saxlanılmalıdır.

Ayaz 

Oxşar Xəbərlər