Abşeron Mərkəzi Xəstəxanasının avadanlıq alınması tenderi ləğv edildi
"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin texniki və məişət avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
32gun.az xəbər verir ki, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri – təklif və təklif təminatını təqdim etmiş, eləcə də müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı qanunvericiliklə müəyyən olunan minimum həddən az olub. Bu səbəbdən müsabiqənin tamamlanması mümkün hesab edilməyib.
Qanunvericiliyin tələbinə əsasən, iştirakçıların sayı üçdən az olduqda müsabiqə keçirilməsi mümkün deyil və tender avtomatik olaraq ləğv edilir.
Qeyd edək ki, satınalmanın ehtimal olunan qiyməti 59 min 232 manat 87 qəpik təşkil edirdi. Təchizat siyahısına blenderlərdən tutmuş sənaye tipli paltaryuyan maşınadək müxtəlif texniki və məişət avadanlıqları daxil idi.
Ayaz